İyunun 18-də Moskva vilayəti son illərin ən kütləvi pilotsuz uçuş aparatı hücumlarından birinə məruz qalıb. Təxminən 180 dron cənub-şərq istiqamətindən bölgəyə daxil olub, onların bir hissəsi hava hücumundan müdafiə sisteminin bir neçə müdafiə xəttini keçərək şəhər sərhədlərinə qədər yaxınlaşa bilib.
Rusiyalı politoloq Sergey Stankeviç bu barədə EDnews-a danışıb.

- Son dövrdə Moskvaya qarşı həyata keçirilən ən iri dron hücumlarından birinin şahidi oluruq. Bu, münaqişənin yeni mərhələyə keçdiyini və arxa cəbhə obyektlərinə zərbələrin ön xətdəki hadisələr qədər əhəmiyyətli rol oynayacağını göstərirmi? Ukraynadan bundan sonra nə gözləmək olar və Rusiyanın cavab zərbələri necə olacaq?
- Qiymətləndirmələrə əsasən, əsas hədəf 1930-cu illərdə tikilmiş və yalnız 2000-ci illərdə qismən modernləşdirilmiş Moskvanın ən qədim neft emalı zavodlarından biri olub. Zavodun texnoloji bazası hələ də kifayət qədər müasir hesab edilmir. Neft emalının dərinliyi təxminən 81-82 faiz təşkil edir ki, bu da yanğın zamanı söndürülməsi çətin olan ağır fraksiyaların yaranmasına səbəb olur. Məhz bu xüsusiyyət belə obyektləri dron hücumları qarşısında daha həssas edir.
Hücumun gedişatına gəlincə, adətən pilotsuz aparatlar hava hücumundan müdafiə sisteminin daha uzaq xəttlərində zərərsizləşdirilirdi. Lakin bu dəfə qiymətləndirmələrə görə, təxminən 6-7 aparat Moskvanın hava müdafiəsinin xarici perimetrini keçə bilib və onların bir hissəsi şəhər sərhədlərinə qədər yaxınlaşıb.
Nəticədə bir sıra obyektlərə zərbələr qeydə alınıb. Onların arasında neft emalı zavodunun sənaye zonasının yaxınlığında yerləşən Novıye Kotelniki yaşayış rayonundakı binalar da var. Eyni zonada yerləşən “Sadovod” bazarı da zərər görüb. Baş vermiş yanğınlar operativ şəkildə lokallaşdırılıb və ciddi dağıntılar qeydə alınmayıb. Neft emalı zavoduna isəciddi ziyan dəyməyib. Bir neçə obyektə, o cümlədən anbarlara və bəzi istehsalat sahələrinə düşmələr qeydə alınıb, lakin müəssisənin kritik gücləri sıradan çıxarılmayıb. Bərpa işlərinin bir neçə həftədən bir aya qədər davam edəcəyi gözlənilir.
Bu hücumun ən mühüm siqnalı vurulan ziyanın miqyası deyil, bir neçə pilotsuz aparatın şəhərin hava hücumundan müdafiə xəttini yararaq keçə bilməsidir. Bu, əvvəllər olduqca nadir hallarda baş verən bir vəziyyət idi. Hazırda müdafiə sistemində baş vermiş bu nasazlığın səbəblərinin araşdırıldığı aydındır.
Gözləmək olar ki, Rusiya bundan nəticə çıxaracaq və hava hücumundan müdafiə sistemini daha inteqrasiya olunmuş və texnoloji baxımdan əlaqələndirilmiş şəkildə gücləndirəcək. Cavab olaraq isə, ehtimal ki, Ukraynanın infrastrukturuna qarşı zərbələrin daha da intensivləşməsi baş verəcək, çünki münaqişə getdikcə qarşı tərəfin arxa cəbhəsinə təsir göstərmək xarakteri alır.
Beləliklə, həqiqətən də münaqişənin yeni mərhələyə keçidindən danışmaq olar. Bu mərhələdə uzaqmənzilli zərbələrin və yüksək texnologiyalı hücum vasitələrinin rolu daha da artacaq.
Fatima | EDnews







