Qarabağ Universiteti İqtisadiyyat ixtisası üzrə yeni bakalavr proqramının hazırlanması istiqamətində Oxford Universiteti ilə əməkdaşlıq edib.
EDnews xəbər verir ki, əməkdaşlıq çərçivəsində Oxford Universitetinin aparıcı iqtisadçı alimləri Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin akademik heyəti ilə birgə fəaliyyət göstəriblər.
Birgə iş nəticəsində beynəlxalq standartlara uyğun, müasir yanaşmalara əsaslanan İqtisadiyyat — BSc Economics proqramı hazırlanıb.
Hazırlanmış proqramın yekunlaşdırılması və akademik heyətə təqdim olunması məqsədilə Oxford Universitetinin nümayəndələri Qarabağ Universitetinə səfər ediblər.
Səfər çərçivəsində Biznes və İqtisadiyyat fakültəsinin müəllimləri ilə seminarlar və interaktiv iş sessiyaları təşkil olunub.
Sessiyalar zamanı proqramın strukturu, fənn məzmunu və tədris metodologiyası geniş şəkildə təqdim edilərək müzakirə olunub. Bildirilib ki, əsas məqsəd proqramın universitetin akademik heyəti tərəfindən dərindən mənimsənilməsi və effektiv tətbiqinə hazırlığın təmin edilməsidir.
Yeni İqtisadiyyat proqramı müasir əmək bazarının və qlobal təhsil mühitinin tələblərinə uyğun hazırlanıb. Proqram data analitikası, süni intellekt və proqramlaşdırma kimi istiqamətləri də əhatə edir.
Qeyd olunur ki, bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq akademik tərəfdaşlıqlar vasitəsilə tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrə qlobal səviyyədə rəqabətqabiliyyətli təhsil imkanlarının təqdim olunması istiqamətində atdığı mühüm addımlardan biridir.

.jpeg)















