Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq baş katibi Leonid Brejnevin nəticəsi kimi tanınan Anton Milayevin xüsusi hərbi əməliyyat zonasında əsir düşdüyü bildirilib.
EDnews xəbər verir ki, bu barədə Rusiyanın “Baza” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 45 yaşlı Anton Milayev sovet liderinin qızı Qalina Brejnevanın böyütdüyü nəvəsi hesab olunur. Bildirilir ki, Qalina Brejneva onu doğma nəvəsi kimi himayə edib.
“Baza”nın məlumatına əsasən, Milayev 2025-ci ilin payızında istehkamçı kimi cəbhəyə yollanıb. Lakin noyabr ayında onunla əlaqə kəsilib.
Milayevin anası İrina Kuznetsovanın sözlərinə görə, oğlunun itkin düşməsindən bir neçə ay sonra onun Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson vilayəti ərazilərində əsirlikdə saxlanıldığı məlum olub.
Qeyd edək ki, bundan əvvəl Rostov vilayətinin Şçepkinski kənd yaşayış məntəqəsinin deputatı, iki azyaşlı uşaq anası Angelina Podkopayevanın da xüsusi hərbi əməliyyat zonasında həlak olduğu bildirilmişdi. Rusiya mediasının məlumatına görə, o, əvvəlcə cəbhəyə humanitar yardım daşıyıb, 2026-cı ilin yanvarında isə Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.







