TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub.
EDnews xəbər verir ki, bu vəzifəyə tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova gətirilib.
Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-də Baş tibb inzibatçısı vəzifəsində çalışıb.
O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsilini tamamlayıb.
Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah kimi başlayan R.Məmmədova sonrakı illərdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator vəzifəsində çalışıb. Bu müddətdə tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində peşəkar təcrübə qazanıb.
2010-cu ildən “Paşa Sığorta” ASC-də fəaliyyətini davam etdirən R.Məmmədova Tibbi və səfər sığortası departamentinin rəhbəri, daha sonra isə Tibbi sığorta blokunun rəhbəri vəzifələrində çalışıb.
Onun rəhbərliyi dövründə tibbi sığorta xidmətlərinin təşkili, səhiyyə müəssisələri ilə əməkdaşlıq mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində işlər görülüb.
R.Məmmədova səhiyyə idarəçiliyi, tibbi sığorta və insan resurslarının idarə olunması sahələrində müxtəlif ixtisasartırma proqramlarında iştirak edib.
Yeni vəzifəsində Rəna Məmmədovanın tibbi sığorta fəaliyyətlərinin inkişafı və pasiyentyönümlü xidmətlərin təkmilləşdirilməsi istiqamətlərində TƏBİB-in fəaliyyətinə töhfə verəcəyi bildirilir.







