Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” klubunun yeni prezidenti Mirzə Bayrampur komandanın hədəfləri barədə danışıb.
EDnews xəbər verir ki, klub rəhbəri AZƏRTAC-a açıqlamasında “Səbail”də maliyyə vəziyyətinin stabil olduğunu və güclü heyətin formalaşdırılması istiqamətində işlərin davam etdiyini bildirib.
“Hazırda “Səbail”də maliyyə vəziyyəti stabildir. Güclü heyət formalaşdırmaq üçün fəaliyyətimiz davam edir. Qarşıya qoyulan əsas məqsəd çempionluq və Premyer Liqaya yüksəlməkdir”, — deyə Mirzə Bayrampur qeyd edib.
O bildirib ki, komandanın əsas məqsədi Birinci Liqanın qalibi olaraq birbaşa Premyer Liqaya vəsiqə qazanmaqdır.
“Əvvəllər “Şimal” klubunu İkinci Liqadan Birinci Liqaya yüksəltmişəm. Ötən mövsüm isə “Şahdağ Qusar”da icraçı direktor vəzifəsində çalışmışam. “Səbail”də əsas məqsədimiz Birinci Liqanın qalibi olaraq birbaşa Premyer Liqaya vəsiqə qazanmaqdır. Komandanı Premyer Liqa səviyyəsinə uyğun formalaşdırmaq istəyirik”, — deyə klub prezidenti vurğulayıb.
Mirzə Bayrampurun sözlərinə görə, bu məqsədlə həm təcrübəli, həm də perspektivli yerli futbolçuların komandaya cəlb olunması istiqamətində iş aparılır. Baş məşqçi vəzifəsini isə Elnur Abdullayev icra edəcək.
Klub rəhbəri stadion məsələsinə də toxunub. O bildirib ki, hazırda ASCO Arena və Quba şəhər stadionu ilə bağlı danışıqlar aparılır.
“Bu prosesdə AFFA ilə də müzakirələr davam edir. Əgər Quba stadionu ilə bağlı məsələlər müsbət həllini tapsa, klub fəaliyyətini həmin şəhərdə davam etdirəcək. Belə olan halda, komandanın adı da dəyişdirilərək “Quba” olacaq. Əks halda, qarşıdakı mövsümdə ev oyunlarımızı ASCO Arenada keçirəcəyik”, — deyə o əlavə edib.
Bayrampur danışıqların yekun mərhələdə olduğunu və əsas planın növbəti mövsümdən etibarən klubun “Quba” adı altında fəaliyyət göstərməsi olduğunu bildirib.







