Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq baş katibi Leonid Brejnevin nəticəsi kimi tanınan Anton Milayevin xüsusi hərbi əməliyyat zonasında əsir düşdüyü bildirilib.
Anton Milayevin adı təkcə müharibə ilə deyil, həm də sovet tarixinin ən tanınmış ailələrindən biri ilə bağlıdır.
EDnews Anton Milayevin dosyesini təqdim edir.
Anton Milayev kimdir?
Anton Milayev 45 yaşlı Rusiya vətəndaşıdır. Rusiya mediası onu SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş baş katibi Leonid Brejnevin qızı Qalina Brejnevanın “övladlığa götürülmüş nəvəsi” kimi təqdim edir.
c
Cəbhəyə necə gedib?
Milayev 2025-ci ilin payızında sapyor kimi cəbhəyə yollanıb. Lakin noyabr ayında onunla əlaqə kəsilib. Onun taleyi barədə anasının mediaya müraciətindən sonra məlumat yayılıb. Qadın bildirib ki, oğlu bir neçə ay əlaqə saxlamayıb, daha sonra isə onun əsirlikdə olduğunu öyrənib. Anasının sözlərinə görə, Milayev Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson vilayəti ərazisindədir.
Brejnev ailəsi ilə bağlılığı
Anton Milayev tanınmış sovet sirk sülaləsi ilə bağlıdır. Onun babası Yevgeni Milayev sovet sirk artisti, akrobat və ekvilibrist, SSRİ xalq artisti və Sosialist Əməyi Qəhrəmanı olub. Yevgeni Milayev Leonid Brejnevin qızı Qalina Brejnevanın həyat yoldaşı idi.
Brejnev-Milayev ailəsi haqqında yayılan məlumatlara görə, Qalina Brejneva Yevgeni Milayevlə evləndikdən sonra onun birinci nikahından olan övladlarını öz doğma övladları kimi böyüdüb. Daha sonra Anton Milayev mediada bu ailənin nümayəndəsi və Qalina Brejnevanın yaxın ailə üzvü kimi qəbul etdiyi şəxs kimi xatırlanıb.

Ailə mübahisələri ilə gündəmə gəlib
Açıq mənbələrdə Anton Milayev əvvəllər siyasi fiqur kimi deyil, əsasən ailə tarixçələri, mənzil və miras mübahisələri ilə bağlı gündəmə gəlib.
2015–2016-cı illərdə Rusiya mediası onun mənzil hüququnu qorumağa çalışdığını və Aleksandr Milayevlə qohumluq əlaqəsini sübut etməyə çalışdığını yazırdı. Həmin dövrdə onun adı Brejnev-Milayev ailəsindəki münaqişələrə həsr olunan televiziya proqramlarında və yazılarda hallanırdı.
Niyə adı indi gündəmə gəlib?
Anton Milayev Rusiya-Ukrayna müharibəsində əsir düşməsi ilə bağlı məlumatlardan sonra mediada daha geniş şəkildə xatırlanmağa başlayıb. Onun bioqrafiyasına maraq, ilk növbədə, Leonid Brejnevin adı ilə assosiasiya olunan ailəyə bağlılığı, sovet sirk sülaləsi ilə əlaqəsi, ailədaxili mübahisələr və müharibədə iştirakı ilə bağlıdır.

Aysel Hacıyeva | EDnews







