Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında müharibəyə son qoyulmasına dair razılaşdırıldığı bildirilən İslamabad Anlaşma Memorandumunu imzalayıb.
EDnews xəbər verir ki, bu barədə Pakistan Baş nazirlik ofisi məlumat yayıb.
Məlumata görə, Şahbaz Şərif sənədi ABŞ və İran arasında vasitəçi qismində imzalayıb. Bildirilib ki, memorandum daha əvvəl ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən elektron şəkildə imzalanıb.
Pakistan tərəfinin açıqlamasına əsasən, sənəd cümə axşamı günü qüvvəyə minib.
Şahbaz Şərif X sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, “İslamabad Memorandumu” ABŞ və İran prezidentləri tərəfindən elektron qaydada imzalanıb və Pakistan tərəfindən vasitəçi kimi təsdiqlənib.
Məlumata görə, Pakistan aprelin 8-də atəşkəsin əldə olunmasından sonra ABŞ və İran arasında əsas vasitəçi rolunu oynayıb. İslamabad, həmçinin 1979-cu ildə diplomatik əlaqələrin kəsilməsindən sonra ilk dəfə olaraq aprelin 12-13-də iki ölkə arasında yüksək səviyyəli danışıqlara ev sahibliyi edib.
Memorandumun şərtlərinə əsasən, İran strateji əhəmiyyətli Hörmüz boğazını dərhal yenidən açmalı, ABŞ isə dəniz blokadasını ləğv etməlidir.
Qeyd olunur ki, fevralın 28-də ABŞ və İsrailin İranla hərbi qarşıdurmaya başlamasından sonra Tehran Hörmüz boğazını bağlayıb. Daha sonra aprelin 13-də ABŞ qüvvələrinin İran limanlarına blokada tətbiq etdiyi və bunun mühüm su yolundan kommersiya gəmilərinin keçidini ciddi şəkildə çətinləşdirdiyi bildirilir.







