“Qarabağ”ın futbolçusu Kevin Medina klubla vidalaşıb.
EDnews xəbər verir ki, kolumbiyalı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Futbolçu “Qarabağ” formasını geyinməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu bildirib.
“Bu formanı geyinmək və bu loqonu təmsil etmək mənim üçün böyük şərəf və məsuliyyət idi. Bu gün həm həyatımda, həm də karyeramda dərin izlər buraxan klubla vidalaşıram”, — deyə Medina qeyd edib.
O bildirib ki, “Qarabağ”a gəldiyi ilk gündən səmimi münasibət, peşəkar mühit və güclü komanda ruhu ilə qarşılaşıb.
“Qarabağ”a ilk addım atdığım andan etibarən məni səmimiyyətlə qarşılayan peşəkar ailə, yaxın dostlara çevrilən komanda yoldaşları və hər zaman yanımızda olan azarkeşlər qazandım. Meydana çıxdığım hər oyunda maksimum hörmət və fədakarlıqla mübarizə aparmağa çalışdım”, — deyə futbolçu vurğulayıb.
Kevin Medina klubda keçirdiyi müddətin həm şəxsi həyatı, həm də peşəkar karyerası üçün xüsusi yer tutduğunu bildirib.







