Demoqrafik vəziyyətlə bağlı yeni statistika açıqlanıb. Məlumata görə, Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən cari ilin ilk dörd ayında 28 631 doğulan körpə qeydə alınıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi azalaraq 9,4-dən 8,5-ə enib. Rəsmi göstəricələr doğum sayında azalma tendensiyasının davam etdiyini göstərir. Mütəxəssislər hesab edirlər ki, prosesin arxasında həm iqtisadi, həm də sosial amillər dayanır.
Mövzu ilə bağlı EDnews-a danışan sosioloq Elçin Bayramlı hesab edir ki, doğum sayındakı azalma təkcə statistik göstərici deyil, cəmiyyətdə gedən dəyişikliklərin nəticəsidir.
Onun sözlərinə görə, ailə qurma yaşının artması, yaşayış xərclərinin artması, mənzil və gələcək təminatı ilə bağlı narahatlıqlar, eləcə də gənclərin ailə planlamasına yanaşmasının dəyişməsi bu prosesə təsir edən əsas amillərdəndir.
Ekspertin fikrincə, sosial rifah və ailə siyasəti ilə bağlı addımlar uzunmüddətli perspektivdə demoqrafik göstəricilərə təsir göstərə bilər.






.jpg)
