İyunun 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Tobias Lorentzsonu qəbul edib.
EDnews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş səfirin ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar baş tutub.
Tərəflər Azərbaycan ilə İsveç arasında siyasi dialoq, iqtisadiyyat, ticarət, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və İsveç arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edib. O, bu istiqamətdə göstərdiyi səylərə görə səfir Tobias Lorentzsona təşəkkürünü bildirib.
C.Bayramov səfirin fəaliyyət müddəti ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, postmünaqişə dövründə bölgədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







