Azərbaycanın Türkiyənin istehsal etdiyi yeni nəsil KAAN qırıcılarını əldə edə biləcəyi ilə bağlı iddialar gündəmdədir.
İddialar təsdiqini tapmasa da, məlumatlar müdafiə sahəsində geniş müzakirələrə səbəb olub.
Maraqlıdır, KAAN qırıcılarının alınması Azərbaycana hansı hərbi və strateji üstünlüklər verə bilər?
Bu barədə EDnews-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, KAAN qırıcılarının əldə edilməsi Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

“Bu təyyarələr hazırda öz sinfində ən qabaqcıl 5-ci nəsil qırıcılardan biri hesab olunur. İki mühərriklə təchiz olunması ona F-35 ilə müqayisədə daha yüksək manevr qabiliyyəti qazandırır.
Digər tərəfdən, avionika sistemləri, radar görünməzliyi və görmə sahəsindən kənarda yerləşən hədəflərə zərbə endirmək imkanları baxımından da KAAN yüksək döyüş potensialına malikdir. Bu qırıcıların alınması Azərbaycanın qırıcı aviasiya parkının modernləşdirilməsinə və ölkənin orta güclü dövlət kimi bəzi NATO üzvlərindən daha üstün hərbi imkanlar əldə etməsinə şərait yarada bilər.
KAAN-ın öz sinfində ən perspektivli platformalardan biri hesab olunmasının göstəricilərindən biri də odur ki, təyyarə hələ Türkiyə Silahlı Qüvvələrinin arsenalına tam qəbul edilməmiş olsa da, bir sıra ölkələr artıq onun alınmasına maraq göstərir və sifarişlər verməyə başlayıblar. Hazırda qırıcının sınaqları davam edir. Yaxın iki il ərzində illik istehsalın 9 ədədə, növbəti mərhələdə isə 24 ədədə çatdırılması planlaşdırılır.
Müxtəlif mənbələrdə 2035-ci ilə qədər bir sıra ölkələrin, o cümlədən Azərbaycanın da bu qırıcılardan müəyyən sayda əldə edə biləcəyi barədə məlumatlar yer alır. Digər ölkələr isə yüzlərlə təyyarənin alınması ilə bağlı Türkiyə ilə danışıqlar aparır, bəziləri isə artıq satınalma müqavilələri imzalayıblar”.

O, KAAN-ın əsas xüsusiyyətlərinə də diqqət çəkib:
“KAAN əsasən F-35 ilə müqayisə edilə bilən platformadır. Onu digər 5-ci nəsil qırıcılardan, o cümlədən F-35 və Su-57-dən fərqləndirən bir sıra texnoloji və strateji üstünlüklər mövcuddur. Strateji müstəqillik: F-35 kimi təyyarələrdə missiya kompüterləri və əsas proqram təminatı istehsalçı ölkənin nəzarətində olur. KAAN isə milli sistemlərə, şifrələmə vasitələrinə və müstəqil silah inteqrasiyasına əsaslanır. İki mühərrikli quruluş: F-35 tək mühərrikli olduğu halda, KAAN iki mühərrikə malikdir. Bu xüsusiyyət ona daha yüksək manevr qabiliyyəti, daha çox faydalı yük daşımaq imkanı və əlavə uçuş təhlükəsizliyi təmin edir.Ölçü və sürət: KAAN F-35-dən daha böyük ölçülərə malikdir. Təyyarənin maksimal sürətinin 1,8 Mach (təxminən saatda 2200 kilometr) olması nəzərdə tutulur ki, bu da onu ağır sinif hava üstünlüyü qırıcısı kimi fərqləndirir. Daxili silah yuvaları: Radar görünməzliyini qorumaq üçün silahlar gövdədaxili bölmələrdə yerləşdirilir. KAAN həm hava-hava, həm də hava-yer tipli sursatları daşıya bilir. Qabaqcıl avionika: Yerli istehsal AESA radarı, süni intellekt dəstəyi, IRST sistemi və müasir elektron mübarizə vasitələri pilotun vəziyyət məlumatlılığını artırır və əməliyyat imkanlarını genişləndirir”.
Şəbnəm İbrahimxəlilova | EDnews







