ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026 FIFA Dünya Çempionatı bu gün - iyunun 11-də Meksika şəhərində Cənubi Afrika matçı ilə start götürəcək.
Lakin turnir hələ başlamazdan əvvəl ətrafında bir sıra qalmaqallar, narazılıqlar və mənfi xəbərlər gündəmə gəlib. Əsas problemlər sırasında ABŞ-yə giriş və viza məhdudiyyətləri, bilet qiymətlərinin yüksək olması, eləcə də bəzi milli komandaların nümayəndələrinin hava limanlarında uzunmüddətli yoxlamalara məruz qalması yer alır.
Turnir ətrafında ən çox müzakirə olunan məsələlərdən biri ABŞ-yə giriş prosedurları və viza məhdudiyyətləridir. FIFA prezidenti Canni İnfantino bu istiqamətdə səslənən tənqidlərə cavab verərək bildirib ki, bəzi hallarda FIFA-nın hökumətlərin immiqrasiya qərarlarına müdaxilə imkanları məhduddur.
Xüsusilə Somali əsilli FIFA hakimi Omar Abdulkadir Artanın ABŞ-yə buraxılmaması 2026 Dünya Çempionatı ərəfəsində ən çox müzakirə olunan qalmaqallardan birinə çevrilib.
Mövzu ilə bağlı idman şərhçisi Vaqif Sadıqov EDnews-a açıqlamasında qeyd edib ki, ABŞ-nin tətbiq etdiyi sərt qaydaların hər biri Prezident Donald Tramp administrasiyasının milli təhlükəsizlik və immiqrasiya siyasəti ilə birbaşa əlaqəlidir:

"Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatından fərqli olaraq, hazırkı turnir idmanın siyasi proseslərdən kənarda qalmadığı, əksinə, daxili siyasətin ciddi təsiri altında keçdiyi bir dövrə təsadüf edir. Tramp administrasiyasının tətbiq etdiyi fərmanla turnirdə iştirak edən İran, Haiti, Kot-d'İvuar və Seneqal da daxil olmaqla, onlarla ölkəyə qarşı tam və ya qismən viza və giriş məhdudiyyətləri tətbiq edilib. Bu səbəbdən hətta rəsmi bilet sahiblərinin belə ABŞ-a avtomatik buraxılması təmin olunmur. Təhlükəsizlik yoxlamalarının maksimum səviyyəyə çatdırılması isə əlavə narazılıqlara səbəb olub. Nəticədə Somali də daxil olmaqla bəzi ölkələrin rəsmi FİFA hakimləri, komanda heyətləri, eləcə də İraq millisinin ulduz futbolçusu Aymen Hüseyn hava limanlarında saatlarla sorğu-sual edilib və ya ölkəyə buraxılmayıb. Özbəkistan millisinin Nyu-Yorka gəlişi zamanı çantalarının narkotik axtaran itlərlə yoxlanılması və onlara qarşı sərt rəftar isə beynəlxalq aləmdə geniş rezonans doğurub. Baş verənləri turnirin daxili siyasi ideologiyanın təbliği üçün alətə çevrilməsi kimi qiymətləndirirlər".
Şərhçinin sözlərinə görə, turnirin digər əsas problemlərindən biri də biletlərin olduqca baha olmasıdır:
"FİFA-nın “dəyişkən qiymət” siyasəti və yeni tətbiq etdiyi ön cərgə biletləri səbəbindən final oyununun biletləri 10 min dollardan 30 min dollara qədər yüksəlib. Qiymətlərin süni şəkildə artırılması ittihamı ilə Nyu-York və Nyu-Cersi prokurorluqları FİFA-ya qarşı rəsmi istintaqa başlayıb. Hətta Donald Tramp özü də sıravi yerlərə 1000 dollar verməyəcəyini bəyan edib. Mövcud vəziyyət azarkeşlərin turnirdən imtina etməsinə də səbəb ola bilər. Artıq kütləvi narazılıqlar və imtina halları müşahidə olunur. Viza qadağaları səbəbindən İran, Mərakeş və Haiti kimi ölkələrin azarkeşləri tribunada komandalarını dəstəkləmək imkanından məhrum qalırlar. Sərt immiqrasiya siyasəti və polis təzyiqindən ehtiyat edən minlərlə xarici azarkeş biletlərini ləğv edərək boykot aksiyalarına qoşulmağa başlayıb. Hətta ABŞ millisinin ilk açılış oyununun biletləri tam satılmayıb və təkrar satış saytlarında qiymətlərin ucuzlaşdığı müşahidə olunur".
Qeyd edək ki, Turnir 19 iyul 2026-cı ildə Nyu-Cersidə keçiriləcək final oyunu ilə başa çatacaq.
Aytac Kərimova | EDnews


.jpg)




