Daşkəsəndə güclü sel nəticəsində kənd yollarına, evlərə və təsərrüfata ciddi ziyan dəyib.
EDnews “Report”a istinadən xəbər verir ki, Daşkəsən rayonunda güclü sel fəsadlar yaradıb.
Məlumata görə, təbiət hadisəsi nəticəsində Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan tələf olub.
Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda baş verib.
Bildirilib ki, sel Quşçu və digər kəndlərin yollarından da keçib.
Bundan başqa, sel suları Gəncə-Daşkəsən yoluna palçıq və çınqıl gətirib.
Hazırda aidiyyəti qurumlar tərəfindən yolda təmizləmə işləri aparılır.
Eyni zamanda, sel nəticəsində Quşçu kəndində bir neçə evə və həyətyanı sahəyə su dolub.
Hazırda komissiya tərəfindən kəndə dəymiş ziyanla bağlı baxış keçirilir.
Qeyd edək ki, gecə saatlarında Gəncə şəhəri və ətraf rayonlarda güclü yağış yağıb, nəticədə sel yaranıb.







