Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə yüksəlib.
EDnews xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi xəbər yayıb.
Mülki Müdafiə İdarəsinin nümayəndəsi Cuni Kastilyonun sözlərinə görə, ölənlərdən 16 nəfəri Sokkssarxen regionunda, daha 3 nəfəri isə Davao regionunda qeydə alınıb.
Bundan başqa, 7 nəfər itkin düşmüş hesab olunur. Son məlumata əsasən, təbii fəlakət nəticəsində 134 nəfər yaralanıb.
Qeyd olunur ki, 7,8 bal gücündə zəlzələ bazar ertəsi səhər saatlarında Mindanao adasının cənubunda baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların ocağı 55 kilometr dərinlikdə yerləşib.
Daha əvvəl zəlzələ nəticəsində 12 nəfərin öldüyü bildirilirdi. Sonradan qurbanların sayı 19-a çatıb.
Zəlzələ nəticəsində General Santos şəhərində bir sıra binalar dağılıb. Yeraltı təkanlardan sonra Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.
Filippin Prezidenti Ferdinand Markos — kiçik sakinləri sunami təhlükəsi səbəbindən yüksək ərazilərə köçməyə çağırıb. Dövlət başçısı aidiyyəti qurumlara zəlzələnin nəticələri ilə bağlı təcili tədbirlər görməyi tapşırıb.
Hazırda hakimiyyət orqanları təbii fəlakətin nəticələrini qiymətləndirir və zərərçəkənlərlə bağlı məlumatları dəqiqləşdirir.







