ABŞ-nin Azərbaycandakı yeni səfiri postuna Aleksandr Aldenin namizədliyinin irəli sürülməsi müzakirələrə səbəb olub.
EDnews "Musavat.com"a istinadən xəbər verir ki, Ağ Ev bir müddət əvvəl Aleksandr Aldenin ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.
Yeni namizəd ətrafında müzakirələr xüsusilə erməni mediasında gündəmə gəlib. “Ermənistanın səsi” nəşri Aldenin erməni əsilli olduğunu iddia edib. Nəşrin məlumatına görə, onun valideynləri ABŞ-yə köçmüş sovet siyasi mühacirləri olub.
Qeyd edək ki, ABŞ-nin Bakıdakı səfir postu 2024-cü ilin dekabrından boşdur. Həmin vaxt sabiq səfir Mark Libbi ağır xəstəliyi səbəbindən Azərbaycandan ayrılmışdı.
Erməni nəşri yazır ki, Ağ Ev yeni səfirin seçilməsində bir sıra çətinliklərlə üzləşib. Bildirilir ki, regiondakı mürəkkəb vəziyyət, İran böhranı və ABŞ diplomatik xidmətində kadr dəyişiklikləri Vaşinqtonun Bakı üçün namizəd seçimini gecikdirən amillər sırasında olub.
Məlumata görə, Aleksandr Alden diplomatik, hərbi-analitik və texnoloji sahələrdə təcrübəyə malikdir. O, Pentaqonda müdafiə katibinin nüvə məsələləri üzrə xüsusi köməkçisi vəzifəsində çalışıb, həmçinin ABŞ Milli Təhlükəsizlik Şurasında müdafiə siyasəti, strategiya və qabaqcıl texnologiyalar sahələrinə nəzarət edib.
Bundan başqa, Aldenin Dövlət Departamentində Avropa və Asiya ölkələri ilə münasibətlər istiqamətində fəaliyyət göstərdiyi, Çinə qarşı strategiyanın hazırlanmasında iştirak etdiyi qeyd olunur. Onun eyni zamanda “Palantir Technologies” şirkəti ilə əməkdaşlıq etdiyi də bildirilir.
Erməni mediası Aldenin Senatda təsdiqlənəcəyini ehtimal edir və onun etnik mənsubiyyətinin həlledici amil olmadığını yazır. Qəzetin qənaətinə görə, Alden ilk növbədə ABŞ maraqlarını təmsil edən diplomat və dövlət məmurudur.
Məsələ ilə bağlı açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr müstəqillik illərində heç vaxt olmadığı qədər yüksələn xətt üzrə davam edir.
Çingiz Qənizadə hesab edir ki, səfir postuna namizədin şəcərəsi və ya etnik mənsubiyyəti Bakı-Vaşinqton münasibətlərinə mənfi təsir göstərməməlidir.
“Onun missiyası vətəndaşı olduğu dövlətə xidmət etməkdir. Hətta etnik kimliyi erməni olsa belə, bu o demək deyil ki, mənsub olduğu xalqın maraqlarını ifadə edəcək. Səfirin vəzifəsi ölkəsini və onun maraqlarını təmsil etməkdir”, - deyə Ç.Qənizadə bildirib.
O, həmçinin qeyd edib ki, səfir təyinatı prosesində aqreman məsələsi də vacibdir. Yəni Azərbaycan dövləti təqdim edilən namizədlə bağlı öz rəyini verməlidir.
Ç.Qənizadə xatırladıb ki, keçmişdə ABŞ-dəki erməni lobbisi Azərbaycana səfir təyinatlarına təsir göstərməyə çalışıb. O, sabiq səfir Metyu Brayzanın təyinatı zamanı yaşanan prosesi buna nümunə göstərib.
Komitə sədrinin fikrincə, hazırkı mərhələdə əsas məsələ ABŞ-Azərbaycan münasibətlərinin inkişafıdır. O bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq gündəmi mövcuddur, Cənubi Qafqazda sülh prosesinə ABŞ tərəfindən dəstək verilir və belə şəraitdə səfirin etnik kimliyi həlledici rol oynamır.
Çingiz Qənizadə əlavə edib ki, Vaşinqtonla Bakı arasında qarşıda mühüm layihələr və əməkdaşlıq istiqamətləri var. Bu baxımdan, səfir təyinatına münasibətdə əsas meyar onun ABŞ-ın Azərbaycandakı diplomatik missiyasını necə həyata keçirəcəyi olacaq.

.png)
.png)





