İranın öldürülmüş keçmiş rəhbəri Əli Xameneinin dəfn mərasiminin Tehran, Qum və Məşhəddə keçiriləcəyi bildirilir.
EDnews xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Xorasan-e-Rəzəvi əyalətinin valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavini Əli Xameneinin dəfn mərasimi ilə bağlı açıqlama verib.
Bildirilib ki, mərasim əvvəlcə Tehranda başlayacaq. Daha sonra Xameneinin cənazəsi Qum şəhərinə aparılacaq.
Üçüncü gün isə Məşhəddə daha bir günlük vida mərasiminin keçirilməsi nəzərdə tutulur.
İran mediasının məlumatına görə, Əli Xameneinin cənazəsi Məşhəddə İmam Rzanın hərəmində dəfn olunacaq.
Qeyd edək ki, İranın ikinci ali rəhbəri Əli Xameneinin 2026-cı il fevralın 28-də ABŞ və İsrailin ilk hava hücumları dalğasında ailə üzvləri, eləcə də hökumətin bir sıra yüksək rütbəli siyasi və hərbi rəsmiləri ilə birlikdə öldürüldüyü bildirilir.







