“Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin parlament seçkilərində qələbəsi ilk baxışda Ermənistanın daxili siyasi prosesi kimi görünsə də, əslində bu nəticə Cənubi Qafqazda güc balansının dəyişməsi fonunda Rusiya üçün müəyyən strateji itkiləri də ortaya çıxarır”.
Politoloq Rəşad Bayramov bunu EDnews-a açıqlamasında bildirib.
.jpg)
O hesab edir ki, bu seçkinin nəticəsi Ermənistanın xarici siyasət istiqamətinin daha da aydın şəkildə Qərbə inteqrasiya və Rusiya təsirindən uzaqlaşma xəttini gücləndirir.
“Rusiya uzun illər Ermənistanı Cənubi Qafqazda əsas strateji müttəfiqi və hərbi-siyasi dayaq nöqtəsi kimi görürdü. Lakin son illərdə baş verən proseslər, xüsusilə 2020-ci ildən sonrakı regional reallıqlar bu asılılıq modelini ciddi şəkildə zəiflədib. Paşinyanın seçkilərdə legitim siyasi mandatını yeniləməsi isə bu trendi geri çevirmək yox, əksinə, daha da institusional xarakterə salmaq deməkdir”.
Analitikin qənaətincə, Rusiya üçün ilk mühüm itki hakimiyyətin daha konsolidə olunmasıdır və bu Rusiyanın təsir imkanlarını məhdudlaşdırır:
“Rusiyayönümlü müxalifətin seçkidə zəif nəticə göstərməsi də bu tendensiyanı gücləndirir. İkinci mühüm itki təhlükəsizlik arxitekturası ilə bağlıdır. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki rolunun zəifləməsi və paralel olaraq Qərblə təhlükəsizlik dialoqunun genişlənməsi Rusiyanın gələcəkdə regiondakı hərbi imkanlarını zəiflədə bilər. Bu, Moskvanın Cənubi Qafqazda “tək təhlükəsizlik təminatçısı” imicini artıq itirməsi deməkdir”.
Politoloq hesab edir ki, bununla yanaşı, Rusiya üçün ən strateji itki regionda ümumi geosiyasi nüfuzun azalmasıdır.
“Ermənistan seçkiləri faktiki olaraq daha çox Qərbə açıq modelin möhkəmləndiyini göstərir. Bu isə Moskvanın Ermənistan üzərindəki “təbii təsir zonası” konsepsiyasına zərbə vurur. Bununla belə, bu proses Rusiyanın regiondan tam çıxması demək deyil. Daha çox, təsirin transformasiyası və azalması kimi qiymətləndirilir. Belə ki, Rusiyaya bağlı müxalif qüvvələr parlamentə düşməyə müvəffəq olub və onların bir qism məsələlərlə bağlı qərarların qəbulunda Paşinyana təzyiq imkanları var. Üstəlik Moskva hələ də enerji, ticarət və təhlükəsizlik sahələrində müəyyən rıçaqlara malikdir. Lakin Ermənistan seçkilərinin nəticəsi göstərir ki, bu rıçaqlar artıq əvvəlki kimi dominant deyil, daha çox məhdudlaşdırılmış və rəqabətə açıq vəziyyətə keçib. Odur ki, Paşinyanın qələbəsi Rusiyanın Ermənistan üzərindəki təsirinin tədricən daraldığını göstərən növbəti siyasi siqnal kimi qiymətləndirilə bilər”, -deyə ekspert fikrini yekunlaşdırıb.
Günəş Mərd | EDnews





.jpg)

