Cənubi Qafqazın ən kiçik ölkəsi Ermənistan 7 iyun tarixində seçki tarixinin ən kritik gününü yaşadı.
Ölkədə parlament seçkiləri keçirildi və bu, yalnız parlamentin formalaşması deyil, həm də İrəvanın sülh və ya müharibə yolunu, həmçinin Rusiyaya və Qərbə yaxınlaşma seçimini ortaya qoydu. Rusiyanı qəzəbləndirmədən Qərb ilə yaxınlıq etmək istəyində olan Nikol Paşinyanın aqibəti bundan sonra məlum olacaq.
Nəticələrə əsasan, Nikol Paşinyanın rəhbərlik etdiyi 'Vətəndaş müqaviləsi' partiyası 50,25% səs toplayaraq qalib oldu. Bu qələbə həm də Paşinyanın regionda sülh və əməkdaşlıq kursunu davam etdirmək planlarının əsasını qoyur. Rusiya üçün isə bu nəticələr gözlənilməz oldu. Belə ki, eks-prezident Dmitri Medvedev bəyan etdi ki, Rusiya artıq Ermənistanda keçirilən seçkilərin nəticələrini tanımayacaq.
Baş nazir Nikol Paşinyan isə seçkilərdə qələbəsindən sonra bildirib ki, Ermənistan sülh, regional əməkdaşlıq və qonşularla münasibətlərin inkişaf etdirilməsi kursunu davam etdirəcək. Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərə dair suallara cavabında: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda və Ermənistan-Türkiyə sərhədlərini açmaqda maraqlıdır. Ermənistan xalqı sülh, regional rifah və əməkdaşlığı dəstəkləyir. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq” - deyib.
Ermənistan mətbuatında yayımlanan məlumatlarda vurğulanıb ki, Nikol Paşinyan əyalətlərdə ciddi irəliləyişə nail olub, xüsusi ilə Azərbaycanla şərti dövlət sərhədində yerləşən ərazilərdə Paşinyanın rəhbərlik etdiyi partiya liderliyi əldə edib. Paytaxt İrəvanda isə Paşinyanın partiyası geri qalıb.
Ekspertlərin fikrincə bu gözlənilən idi, çünki orada Rusiya meyilli qüvvələr, anti-Paşinyan mövqeləri güclü olaraq qalıb. Beləliklə, Samvel Karapetyana ümidləri və ona edilən “stavkalar” özünü doğrultmadı.
Beləliklə, Ermənistanın parlament seçkiləri yalnız daxili siyasi proses deyil – bu, həm də Cənubi Qafqazda geosiyasi balansın gələcəyini müəyyən edən amil oldu. Nikol Paşinyanın qalibiyyəti regionda yeni dinamika yaradır: Qərbə doğru yaxınlaşma, Rusiya ilə tarazlı münasibət və Azərbaycanın, Türkiyənin rolunu nəzərə alan sülh təşəbbüsləri artıq reallıqda sınanacaq.
İndi belə bir sual yaranır: Paşinyan bu mürəkkəb balansı qoruyub saxlaya biləcək, yoxsa region yeni gərginliklərlə üzləşəcək? Bu sualın cavabı isə növbəti günlərdə və ya həftələrdə məlum olacaq.
Aysel Hacıyeva | EDnews

.png)
.png)





