Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur.
EDnews xəbər verir ki, “Report”un məlumatına görə, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə İnzibati Xətalar Məcəlləsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxış edib.
Zahid Orucun sözlərinə görə, layihənin əsas məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən qorumaq, onların fiziki və psixoloji sağlamlığının müdafiəsini təmin etməkdir.
Deputat bildirib ki, sosial platformalarda uşaqlara qarşı müxtəlif zərərli təsirlər, təhrikedici məzmunlar, istismar çağırışları, alçaldıcı davranışlar və bullinq halları ciddi risk yaradır. Bu baxımdan, uşaqların yetkinlik dövrünədək sosial şəbəkələrdən istifadəsinin təxirə salınması təklif edilir.
“Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir”, - deyə Zahid Oruc qeyd edib.
Onun sözlərinə görə, layihəyə əsasən, 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Deputat bunu Azərbaycanın rəqəmsal siyasətində mühüm addımlardan biri kimi qiymətləndirib.
Zahid Oruc bildirib ki, platforma provayderləri istifadəçilərin yaşını təsdiqləmək üçün bank kartı, elektron poçt və mobil nömrə əsaslı yaş doğrulama mexanizmlərini tətbiq etməli olacaqlar.
Deputatın sözlərinə görə, 16-18 yaş qrupu üçün isə fərqli mexanizm nəzərdə tutulur. Bu yaş qrupunda olan yeniyetmələr sosial şəbəkələrdə hesab yarada biləcəklər, lakin bu, yalnız qanuni nümayəndələrinin, yəni valideynlərinin açıq razılığı ilə mümkün olacaq.
Layihədə 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə və avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilməməsi də təklif olunur.
“Texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur”, - deyə Zahid Oruc vurğulayıb.
O, həmçinin qeyd edib ki, yaş yoxlama məqsədilə toplanan fərdi məlumatların — bank kartı, elektron poçt və mobil nömrə məlumatlarının kənar şəxslərə ötürülməsi, eləcə də kommersiya məqsədilə istifadəsi qəti qadağan ediləcək.
Bundan başqa, provayderlərin hər il yanvarın 15-dək aidiyyəti dövlət qurumlarına hesabat təqdim etməsi nəzərdə tutulur. Zahid Orucun sözlərinə görə, bu, sosial media platformalarının məsuliyyətinin institusional formada müəyyənləşdirilməsi deməkdir.
Qanun müddəalarına əməl etməyən vəzifəli və hüquqi şəxslərin isə cərimə ediləcəyi bildirilir.






.jpg)
