Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbul Bəyannaməsi imzalayıblar.
EDnews xəbər verir ki, iyunun 8-də İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin X üçtərəfli görüşü keçirilib.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak ediblər.
Nazirlər üç ölkə arasında dərin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri yüksək qiymətləndiriblər. Onlar siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.
İstanbul Bəyannaməsində tərəflər dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təsdiqləyiblər.
Sənəddə regional və qlobal çağırışların aradan qaldırılması üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Nazirlər regionda sülh, təhlükəsizlik və sabitliyin əməkdaşlıq potensialının tam reallaşdırılması baxımından vacib olduğunu qeyd ediblər.
Bəyannamədə Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpasının son dərəcə vacib olduğu da xüsusi vurğulanıb.
Tərəflər nəqliyyat və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini, o cümlədən yaşıl enerji və aşağı karbonlu texnologiyalar üzrə birgə fəaliyyətin genişləndirilməsini vacib hesab ediblər.
Nazirlər Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin regional, eləcə də Avropanın enerji təhlükəsizliyinə strateji töhfəsini yüksək qiymətləndiriblər.
Sənəddə Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizinin, eləcə də Türkiyə, Azərbaycan və Gürcüstan ərazisindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat xətlərinin inkişafının əhəmiyyəti qeyd olunub.
Bəyannamədə Bakı-Tbilisi-Qars dəmir yolunun Orta Dəhliz çərçivəsində əsas rolu vurğulanıb. Nazirlər iyunun 2-də Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında BTQ layihəsi üzrə modernləşdirmə işlərinin başa çatması münasibətilə keçirilən tədbiri alqışlayıblar.
Tərəflər Türkiyə, Azərbaycan, Qazaxıstan və Gürcüstanın xarici işlər və nəqliyyat sahəsinə məsul nazirləri mexanizmi vasitəsilə regional bağlantının gücləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini də təsdiqləyiblər.
İstanbul Bəyannaməsində enerji sahəsində strateji tərəfdaşlığın davam etdirilməsi, yaşıl enerjinin nəqli və ticarəti üçün interkonnektorların istifadəsi, bərpa olunan enerjidən səmərəli istifadə və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın inkişafı da əksini tapıb.
Bundan başqa, nazirlər terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, eləcə də mədəni və tarixi irsə qarşı cinayətlərlə mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bildiriblər.
Bəyannamədə iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi, ixrac-idxal imkanlarının araşdırılması, işgüzar dairələr, ticarət və sənaye palataları, eləcə də biznes assosiasiyaları arasında birbaşa təmasların artırılması vacib istiqamətlər kimi göstərilib.
Nazirlər 26 fevral 2026-cı ildə Gürcüstanın Tsinandali şəhərində VII “Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumu”nun keçirilməsini alqışlayıblar.
Tərəflər üç ölkə arasında mövcud üçtərəfli mexanizmlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın uğurunu vurğulayıblar. Beynəlxalq təşkilatlar çərçivəsində mümkün olduğu hallarda bir-birinin namizədliklərinin dəstəklənməsi də yüksək qiymətləndirilib.
Nazirlər görüşün uğurla təşkilinə görə Türkiyənin xarici işlər naziri Hakan Fidana təşəkkür ediblər. Üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub və XI üçtərəfli görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi qərara alınıb.

.png)
.png)




