Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Məlumdur ki, Məhərrəmlik ayında toy və əyləncə məclislərinin təxirə salınması sahibkarlara təsirsiz ötüşmür.
Bəs sahibkarlar bu dövrü daha az zərərlə başa vurmaq üçün hansı tədbirləri görürlər?
Mövzu ilə bağlı sahibkar Vüqar İbrahimov EDnews-a danışıb.
O qeyd edib ki, Məhərrəmlik ayı yaxınlaşdıqca şənliklərin sayı azalır. Bu da təbii olaraq restoran və şadlıq saraylarının fəaliyyətinə təsir göstərir:
.jpeg)
"Biz bu dövrdə məsələyə sadəcə iqtisadi baxımdan deyil, həm də cəmiyyətin mənəvi dəyərlərinə hörmət prizmasından yanaşırıq. Əlbəttə, tədbirlərin azalması biznes üçün müəyyən çətinliklər yaradır. Lakin digər tərəfdən, bu müddət müəssisələrin öz üzərində işləməsi, xidmət keyfiyyətinin artırılması və yeni layihələrin hazırlanması üçün fürsət yaradır. Bu baxımdan, hər bir sahibkar həm fəaliyyətini davam etdirməyi, həm də insanların həssas yanaşdığı dəyərlərə hörmət etməyi bacarmalıdır".
İqtisadçı Elşən Bağırzadə isə bildirib ki, belə bir dövrdə bu təsir əvvəlki zamanda daha güclü hiss olunurdu, lakin zaman keçdikcə tədricən zəifləyir. Digər tərəfdən, bu azalma iqtisadi aktivliyin tamamilə dayanması demək deyil:

"İnsanlar qənaət etdikləri vəsaitin bir hissəsini digər istiqamətlərə - ailə xərclərinə, pərakəndə ticarətə, dini və xeyriyyə fəaliyyətlərinə yönəldə bilirlər. Bundan əlavə, bir sıra restoranlar və ictimai iaşə obyektləri menyu və xidmətlərini bu dövrün xüsusiyyətlərinə uyğunlaşdıraraq fəaliyyətlərini davam etdirirlər. Ona görə də ümumilikdə demək olar ki, Məhərrəmlik ayı iqtisadiyyatda ümumi tələbin kəskin azalmasına deyil, daha çox istehlak xərclərinin bir sahədən digərinə yönəlməsinə səbəb olur. Bununla belə, toy və əyləncə sektorunda fəaliyyət göstərən müəssisələr üçün müəyyən qısamüddətli gəlir itkisinin qaçılmaz olduğu da bir həqiqətdir".
Aytac Kərimova | EDnews


.jpg)


.jpg)

