Dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kibertəhdidlərin qarşısı operativ şəkildə alınıb, zərərli trafik filtrasiya edilib, fişinq resursları və saxta domenlər zərərsizləşdirilib.
EDnews xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib.
O qeyd edib ki, yaxın perspektivdə kibertəhlükəsizliyə ən ciddi təsir göstərən faktorlardan biri süni intellekt texnologiyalarının geniş tətbiqi olacaq.
Allahverən İsmayılovun sözlərinə görə, texnoloji inkişaf sürətlənsə də, təhlükəsizlik üzrə sistemli və qabaqlayıcı yanaşma bir çox hallarda bu inkişafın tempindən geri qalır.
“Dövlət Xidmətinin fəaliyyəti bu istiqamətdə konkret və ölçülə bilən nəticələrlə müşayiət olunur. Bu ilin I rübündə dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kibertəhdidlərin qarşısı operativ şəkildə alınıb, zərərli trafik filtrasiya edilib, fişinq resursları və saxta domenlər zərərsizləşdirilib”, – deyə o bildirib.
Dövlət Xidmətinin rəis müavini vurğulayıb ki, bu faktlar mövcud risklərin artıq nəzəri deyil, real və dinamik xarakter daşıdığını göstərir.
Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində uğur yalnız texnoloji imkanlarla təmin olunmur. Bu sahədə strateji düşüncə, qabaqlayıcı yanaşma və koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət daşıyır.
Allahverən İsmayılov bildirib ki, nəticə əldə etmək üçün dövlət strukturları, elmi-tədqiqat institutları və özəl sektor arasında real və davamlı əməkdaşlıq formalaşdırılmalıdır.
“Texnologiyalar dəyişir, təhdidlər transformasiya olunur, lakin dövlət kibertəhlükəsizliyinin əsas prinsipi dəyişməz qalır – kibertəhlükəsizlik proaktiv şəkildə təmin olunur”, – deyə o əlavə edib.
A.İsmayılov forum çərçivəsində aparılacaq müzakirələrin yeni ideyaların formalaşmasına, yeni yanaşmaların tətbiqinə və ölkənin kibertəhlükəsizlik potensialının daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

.jpg)





