Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin ərazi bütövlüyünə qarşı hər hansı təhdidin ən sərt şəkildə cavablandırılacağını bəyan edib.
EDnews-un məlumatına görə, o, belə bir vəziyyətdə ən pis ssenarinin nüvə cavabı ola biləcəyini vurğulayaraq Rusiyanın qətiyyətinin sınağa çəkilməməsi barədə xəbərdarlıq edib.
Ryabkov bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, Rusiyanın hərbi doktrinasında nüvə silahından istifadənin mümkün olduğu hallar aydın şəkildə müəyyən olunub.
“Əgər təcavüzkarlar, o cümlədən nüvə silahına malik olmayan dövlətlər Rusiyanın ərazi bütövlüyünü pozmağa cəhd etsələr, bu, nüvə reaksiyasına səbəb ola bilər”, – deyə Ryabkov bildirib. O əlavə edib ki, Moskvanın bu məsələdəki qətiyyətini yoxlamağa çalışmaq ciddi nəticələr doğura bilər.
Rusiya rəsmisi Yaxın Şərqdəki vəziyyətə də toxunaraq bildirib ki, İran ətrafında davam edən qarşılıqlı hücumlar diplomatik həll imkanlarını çətinləşdirir. O, Moskvanın daha əvvəl İrandan zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı təklif irəli sürdüyünü xatırladaraq, tərəflərin gələcəkdə bu təşəbbüsə yenidən qayıda biləcəyinə ümid etdiyini deyib.
Ryabkov həmçinin Ermənistanın Avropa Birliyi ilə yaxınlaşma prosesinə münasibət bildirib. O qeyd edib ki, son hadisələr Ermənistanı seçim qarşısında qoyur və Moskva Yerevanın Rusiya ilə ənənəvi münasibətləri qoruyub gücləndirəcəyinə ümid edir.
Rusiyalı diplomat bunun həm tarixi baxımdan, həm də Ermənistanın maraqları baxımından düzgün seçim olacağını iddia edib.
Aytac Kərimova | EDnews







