Son 10 ildə Azərbaycanda kənd təsərrüfatı real ifadədə 37,8 faiz artıb.
EDnews xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında deyib.
Nazir müavininin sözlərinə görə, son 10 il ərzində kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunub.
O bildirib ki, bu artım həm bitkiçilik, həm də heyvandarlıq sahələrini əhatə edir.
“Son 10 ildə ümumilikdə real ifadədə kənd təsərrüfatında artım 37,8 faiz olub. Bu göstərici bitkiçilik sahəsində 48,2 faiz, heyvandarlıq sahəsində isə 29,6 faiz təşkil edib”, – deyə Zaur Əliyev qeyd edib.
Nazir müavini əlavə edib ki, aqrar və qida məhsullarının ixracında da müsbət dinamika qeydə alınıb.
Onun sözlərinə görə, son illərdə aqrar və qida məhsullarının ixracı 62,8 faiz yüksəlib.
Zaur Əliyev bildirib ki, bu dövrdə hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, həmçinin sahəyə dəstək verən infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilib.
O qeyd edib ki, soyuducu anbarların həcmi artıb, taxıl elevatorları və logistika imkanları yaxşılaşdırılıb.
Bundan başqa, fermerlərin lizinqə çıxış imkanlarının genişləndirildiyi bildirilib.
Nazir müavininin sözlərinə görə, 96 mindən çox kənd təsərrüfatı texnikası üzrə lizinq mexanizmlərindən istifadə olunub.







.jpg)