Ermənistanın Avropa İttifaqına yaxınlaşması təkcə siyasi seçim deyil, həm də ölkənin iqtisadi gələcəyi ilə bağlı ciddi suallar yaradır.
İrəvan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərinə yenidən baxarsa, bu qərar qaz qiymətlərindən tutmuş ixrac bazarlarına, hətta Ermənistan vətəndaşlarının Rusiyada işləmək imkanlarına qədər bir çox sahəyə təsir göstərə bilər.
Mövzu ilə bağlı EDnews-a açıqlama verən rusiyalı politoloq Dmitri Solonnikov bildirib ki, Ermənistan Aİİ ilə indiki münasibətləri qoruyarsa, mövcud üstünlüklərdən istifadə etməyə davam edəcək. Bu üstünlüklərə enerji qiymətləri, gömrük qaydaları, Aİİ ölkələrinin bazarlarına çıxış və Ermənistan vətəndaşlarının Rusiya, Belarus və Qazaxıstanda daha rahat işləməsi daxildir.
“Aİİ inteqrasiyasının qorunması Ermənistan üçün enerji qiymətlərinin formalaşması, vahid əmək bazarında fəaliyyət, eləcə də Aİİ ölkələrinin açıq bazarları ilə bağlı mövcud qaydaların saxlanılması deməkdir”, — deyə Solonnikov bildirib.
Politoloq qeyd edib ki, əgər Ermənistan tam şəkildə Avropa iqtisadi məkanına yönələrsə, bu zaman ölkə üçün əvvəlki güzəştli qaydalar dəyişə bilər. Onun sözlərinə görə, belə bir halda Ermənistan Aİİ ölkələrinin Avropa ilə ticarətdə tətbiq etdiyi qaydalarla üzləşəcək. Bu isə enerji daşıyıcılarının qiymətlərinə də təsir göstərə bilər. Bu halda enerji daşıyıcılarının qiymətləri Avropa üçün tətbiq olunan qiymətlərlə eyni olacaq.
Solonnikov əlavə edib ki, dəyişikliklər Ermənistan vətəndaşlarının Aİİ ölkələrində işləməsinə də təsir edə bilər. Onun sözlərinə görə, Rusiya, Belarus və Qazaxıstanda əmək fəaliyyəti patent əsasında həyata keçiriləcək və Ermənistan vətəndaşları əvvəlki kimi sərbəst işləyə bilməyəcəklər.
Ekspertin fikrincə, Ermənistan Aİİ-dən uzaqlaşarsa, azad ticarət imkanlarını, enerji sahəsində güzəştli şərtləri və əmək bazarındakı üstünlüklərini itirə bilər.
Ermənistan hakimiyyəti Avropa inteqrasiyasını daha sərfəli hesab edirsə, bu seçimin real nəticələri yalnız proses həyata keçəndən sonra məlum olacaq. Kimin daha çox itirəcəyi, kimin isə daha çox qazanacağı bu layihənin reallaşması zamanı görünəcək.
Solonnikov qeyd edib ki, Ermənistan üçün əsas məsələ hansı istiqamətin daha sərfəli olacağını düzgün hesablamaqdır. Avropa ilə yaxınlaşma siyasi baxımdan cəlbedici görünə bilər, lakin bu proses iqtisadi baxımdan ciddi risklər yarada bilər.
Politoloq hesab edir ki, İrəvan qərar qəbul edərkən qaz qiymətləri, ixrac bazarları və xaricdə çalışan vətəndaşlarının vəziyyətini də nəzərə almalıdır.
Aysel Hacıyeva | EDnews







