ABŞ-ın rəhbərlik etdiyi “Beş Göz” kəşfiyyat alyansı Çinin LinkedIn və digər peşəkar platformalar vasitəsilə məxfi məlumatlara çıxışı olan şəxsləri hədəfə aldığı barədə xəbərdarlıq edib.
EDnews xəbər verir ki, ABŞ və onun “Beş Göz” kəşfiyyat alyansındakı müttəfiqləri Çinin gizli casusluq fəaliyyəti ilə bağlı birgə xəbərdarlıq yayıblar.
ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyadan ibarət kəşfiyyat şəbəkəsi bildirib ki, Çin kəşfiyyatı LinkedIn və oxşar iş platformaları vasitəsilə dünya üzrə təhlükəsizlik mütəxəssislərindən məxfi məlumatlar əldə etməyə çalışır.
Məlumata görə, əsas hədəflər hərbi zabitlər, kəşfiyyat əməkdaşları və məxfi məlumatlara çıxışı olan şəxslərdir.
FTB və Britaniyanın daxili kəşfiyyat xidməti MI5 tərəfindən hazırlanan xəbərdarlıqda qeyd olunub ki, Çin agentləri saxta profillərdən, süni intellekt vasitəsilə yaradılmış hesablar və iş təkliflərindən istifadə edirlər.
Bildirilir ki, həmin şəxslər özlərini özəl konsaltinq firmalarının, beyin mərkəzlərinin və ya insan resursları şirkətlərinin əməkdaşları kimi təqdim edirlər.
Daha sonra hədəfə alınan şəxslərə “məsləhətçi” kimi əməkdaşlıq və yüksək məbləğdə ödəniş vəd olunur.
Xəbərdarlığa əsasən, bu şəxslərdən “ictimai olmayan” məlumatlar istənilir və əldə edilən məlumatların Çin təhlükəsizlik strukturlarına ötürüldüyü bildirilir.
“Beş Göz” alyansı hesab edir ki, bu fəaliyyətlər qlobal səviyyədə təhlükəsizlik riski yaradır və dövlət sirlərinin sızdırılmasına yönəlib.
Məlumata görə, bu xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın texnologiya şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə Çinə səfərindən bir neçə həftə sonra yayılıb.
Qərb ölkələrində Çinlə bağlı casusluq iddiaları son illər müzakirə mövzusu olaraq qalır.
Böyük Britaniyada da Çinlə əlaqəli casusluq araşdırmaları davam edir. Buna baxmayaraq, London hökuməti bu yaxınlarda Çinin paytaxtda yeni böyük səfirlik kompleksi ilə bağlı planını təsdiqləyib.
Qeyd olunur ki, ötən ay Böyük Britaniyada bir sərhəd xidməti əməkdaşı və Honkonqla bağlı ticarət rəsmisi yeni təhlükəsizlik qanunu çərçivəsində Çinə casusluqda təqsirli biliniblər.






.jpg)