Qloballaşma və beynəlxalq təhsil imkanlarının genişlənməsi son illərdə abituriyentlərin təhsil seçimlərinə ciddi təsir göstərib. Xarici universitetlərin təqdim etdiyi təhsil proqramları, beynəlxalq diplomlar və karyera imkanları gənclərin xaricdə təhsilə marağını artırsa da, bir çox abituriyent hələ də öz ölkəsində təhsil almağa üstünlük verir.
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə EDnews-a bildirib ki, Azərbaycan universitetlərinin xarici ali təhsil müəssisələri ilə rəqabət aparması məsələsinə birmənalı yanaşmaq mümkün deyil:

“Burada əsas məqam hansı universitetlərlə müqayisənin aparılmasından asılıdır. Dünyanın elə nüfuzlu universitetləri var ki, Azərbaycan ali təhsil müəssisələrinin onlarla rəqabət aparması üçün hələ uzun illər tələb olunur. Bununla yanaşı, Şərqi Avropa və Asiyanın bəzi universitetləri ilə müxtəlif göstəricilər üzrə rəqabət aparmaq, hətta müəyyən hallarda onları geridə qoymaq mümkündür”.
Araşdırmalar göstərir ki, dünyada beynəlxalq tələbələrin sayı ildən-ilə artır. Xaricdə təhsil almağa marağın əsas səbəbləri yüksək təhsil keyfiyyəti, beynəlxalq diplom əldə etmək imkanı, xarici dil biliklərinin inkişafı və gələcək karyera perspektivləri ilə bağlıdır. Xaricdə təhsil alan tələbələrin təxminən 27%-i ABŞ-də, 14%-i Böyük Britaniyada, 8%-i Avstraliyada, 7%-i Almaniyada və 6%-i Kanadada təhsil alır.
Ekspertin sözlərinə görə, universitetlərin beynəlxalq reytinqlərdəki mövqeyi, elmi fəaliyyəti, infrastruktur imkanları və inkişaf strategiyaları rəqabət qabiliyyətinin müəyyən edilməsində mühüm rol oynayır:
“Hazırda ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya və Cənubi Koreya kimi ölkələrin aparıcı universitetləri ilə rəqabət aparmaq Azərbaycan üçün hələ etdir. Hətta qardaş Türkiyənin ilk sıralarda qərarlaşan universitetlərinə çatmaq üçün də müəyyən zaman və inkişaf mərhələsi tələb olunur”.
Bununla yanaşı, dünya statistikası göstərir ki, tələbələrin böyük əksəriyyəti ali təhsillərini öz ölkələrində alırlar. Məlumatlara görə, dünyada ali təhsil alan tələbələrin təxminən 94%-i öz ölkəsində, yalnız 6%-i isə xarici ölkələrdə təhsil alır. Bunun əsas səbəbləri təhsil və yaşayış xərclərinin yüksək olması, ailədən uzaq qalmaq istəməmələri və yerli universitetlərin inkişaf etməsidir.
Ekspert qeyd edib ki, Azərbaycanda da yerli universitetlərə maraq artmaqdadır:
“Bunu qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayında da görmək mümkündür. Əgər ötən il bu göstərici 116 min nəfər civarında idisə, cari ildə onların sayı 130 minə yaxınlaşır. Bu isə ildən-ilə yerli universitetlərə marağın artdığını göstərir”.
Onun fikrincə, bu artımın əsas səbəblərindən biri universitetlərdə plan yerlərinin artırılmasıdır. Gələcəkdə yeni universitetlərin, fakültələrin və ixtisasların yaradılması da tələbə sayının artmasına müsbət təsir göstərə bilər.
Abituriyentlərin xaricdə təhsil seçiminə gəlincə, ekspert onları iki qrupa ayırır: Birinci qrupa yerli universitetlərə qəbul ola bilməyən və attestat əsasında xaricdə təhsil almağa üstünlük verən şəxslər daxildir. İkinci qrupa isə dövlət proqramları və ya təqaüd imkanları hesabına xaricdə təhsil almaq istəyən yüksək hazırlıqlı tələbələr aid edilir.
Azərbaycanda son illərdə xaricdə təhsilə maraq artsa da, xaricdə təhsil alanların əksəriyyəti Türkiyə, Almaniya, Böyük Britaniya, İtaliya və Macarıstan kimi ölkələri seçirlər. Bununla belə, yüksək nəticə göstərən abituriyentlərin mühüm hissəsi təhsillərini ölkənin aparıcı universitetlərində davam etdirir.
Mütəxəssis vurğulayıb ki, xaricdə təhsil alanların sayı yerli ali təhsil müəssisələrinə müraciət edənlərlə müqayisədə xeyli azdır:
“Xaricdə təhsil alanların əksəriyyəti attestat əsasında və ya müxtəlif təqaüd proqramlarından yararlanaraq təhsil alırlar. Ümumilikdə isə xaricdə təhsil almağı seçənlərin sayı yerli ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərlə müqayisədə xeyli azdır və onların sayının yerli universitetlərə müraciət edənlərin onda birinə belə çatmadığı bildirilir”.
Beləliklə, xaricdə təhsilə maraq əvvəlki illərlə müqayisədə artsa da, həm dünya miqyasında, həm də Azərbaycanda abituriyentlərin böyük hissəsi hələ də öz ölkələrində təhsil almağa üstünlük verir. Bununla belə, beynəlxalq təhsil imkanlarının genişlənməsi gələcək illərdə xaricdə təhsil alan tələbələrin sayının daha da artacağını göstərir. Bu səbəbdən müasir gənclər təhsil seçimini yalnız universitetə qəbul olmaq deyil, həm də gələcək karyeralarına və şəxsi inkişaflarına təsir edən mühüm qərar kimi qiymətləndirirlər.
Fidan Abdullayeva , Xədicə Cabbarlı | EDnews



.jpg)


.png)
