Son günlər sosial şəbəkələrdə mağazalarda satılan broyler toyuqlarının insan sağlamlığı üçün təhlükəli olması ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova EDnews-a açıqlamasında bildirib ki, həm kənd, həm də broyler toyuqlarının özünəməxsus üstünlükləri və riskləri var.
Ekspertin sözlərinə görə, müasir dövrdə qida məhsullarının istehsalında ciddi dəyişikliklər baş verir və bu proses toyuqçuluq sahəsinə də təsirsiz ötüşmür.
Məhsəti Hüseynova qeyd edib ki, təbii şəraitdə yetişdirilən kənd toyuqları qida dəyəri baxımından daha üstün hesab olunur:
“Əgər kənd toyuğu ekoloji cəhətdən təmiz mühitdə saxlanılır, təbii yemlərlə qidalanır və sərbəst hərəkət edirsə, onun qida dəyəri daha yüksək olur. Belə toyuqlarda zülal keyfiyyəti daha yaxşı, yağlılıq səviyyəsi isə daha aşağı olur”.
Bununla yanaşı, ekspert kənd toyuqları ilə bağlı bəzi risklərin də mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir çox hallarda bu toyuqlar baytarlıq nəzarətindən keçmir və çirkli mühitdə və ya keyfiyyətsiz su mənbələri ilə qidalandıqda müxtəlif bakteriyaların insan orqanizminə keçmə riski yarana bilər.
Məhsəti Hüseynova broyler toyuqlarında isə sanitar-gigiyenik və baytarlıq nəzarətinin daha ciddi aparıldığını bildirib:
“Broyler fermalarında minlərlə quş saxlanıldığı üçün xəstəliklərin yayılmaması məqsədilə mütəmadi nəzarət həyata keçirilir. Bu səbəbdən sanitar-gigiyenik qaydalara ciddi əməl olunur və profilaktik tədbirlər görülür”.
Ekspert qeyd edib ki, broyler toyuqları adətən daha yağlı olur və onların zülal dəyəri kənd toyuqları ilə müqayisədə nisbətən aşağıdır. Bununla belə, nəzarət mexanizmlərinin daha güclü olması onların təhlükəsizlik baxımından üstün cəhətlərindən hesab olunur.
Mütəxəssis istehlakçılara toyuq məhsulları alarkən diqqətli olmağı tövsiyə edib. O bildirib ki, məhsulun mənşəyi məlum olmalı, qablaşdırması zədələnməməli, istehsal və son istifadə tarixləri yoxlanılmalıdır.
“Əgər məhsulun rəngində dəyişiklik, göyərmə, ləkələr və ya xoşagəlməz qoxu varsa, həmin məhsul istehlak edilməməlidir. Toyuq əti düzgün temperaturda saxlanılmalı və tam bişirilməlidir”.
Məhsəti Hüseynovanın sözlərinə görə, toyuq əti bişirilərkən içərisində çəhrayı rəng və ya qan izi qalmamalıdır. Həmçinin çiy ətlə təmasda olan bıçaq və doğrama taxtasından bişmiş qidalar üçün istifadə edilməməlidir.
Ekspert əlavə edib ki, restoran və fast-food sektorunda daha çox broyler toyuğundan istifadə olunması gənclərin qida seçimlərinə də təsir göstərir. Xüsusilə bəzi dadlandırıcıların istifadəsi insanların təbii qidalara marağının azalmasına səbəb ola bilər.
Sonda Məhsəti Hüseynova vurğulayıb ki, istər kənd, istərsə də broyler toyuğu seçərkən əsas məsələ məhsulun keyfiyyəti, mənşəyi, saxlanma şəraiti və düzgün hazırlanmasıdır. Onun fikrincə, bu qaydalara əməl edildiyi halda hər iki növ toyuq təhlükəsiz şəkildə istehlak oluna bilər.
Aytac | EDnews






.jpg)
