Filippində yerləşən Mayon vulkanının püskürməsi bölgədə ciddi təhlükə yaradıb. Hadisə nəticəsində bir sıra yaşayış məntəqələrinə ziyan dəyib.
EDnews xəbər verir ki, Filippində yerləşən Mayon vulkanı püskürüb.
Məlumata görə, vulkan aktivliyi nəticəsində lava axınları, kül yağışı və torpaq sürüşməsi riski artıb. Bununla əlaqədar olaraq beş səviyyəli xəbərdarlıq sistemində üçüncü səviyyə elan edilib.
Bildirilir ki, Albay əyalətində yerləşən ən azı 52 kənd bu hadisədən ciddi zərər görüb. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət nəzarətdə saxlanılır.
Qeyd edək ki, Mayon vulkanı Filippinin Luzon adasının cənub-şərqində yerləşən Bikol bölgəsindədir və dünyanın ən aktiv və təhlükəli vulkanlarından biri hesab olunur. Onun simmetrik və mükəmməl konus forması ilə seçilməsi onu həm geoloqlar, həm də fotoqraflar üçün diqqət mərkəzinə çevirir.
Hazırda vulkanın aktivliyi ilə bağlı vəziyyət diqqətlə izlənilir.






