Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə prosesi başa çatıb.
EDnews xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb və məntəqə seçki komissiyaları səslərin hesablanmasına başlayıblar.
Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 48,92 faiz təşkil edib. Bu göstərici 2021-ci ilin növbədənkənar parlament seçkiləri ilə müqayisədə daha yüksəkdir. Həmin seçkilərdə eyni saat üçün iştirak səviyyəsi 38,17 faiz olmuşdu.
İlkin nəticələrin gecə saatlarında açıqlanacağı gözlənilir. Seçici fəallığının yekun göstəriciləri isə Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan tərəfindən elan olunacaq.
Seçkiləri 647 beynəlxalq müşahidəçi izləyib. Onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 328, MDB-nin isə 120 nümayəndəsi yer alıb. Bundan başqa, 13 yerli müşahidəçi təşkilatından 2600-dən çox müşahidəçi prosesə cəlb olunub. Seçkilərin işıqlandırılması üçün 181 xarici və 71 yerli media qurumu akkreditasiyadan keçib.
Müşahidəçilərin qiymətləndirməsinə görə, səsvermə əsasən sakit şəraitdə keçib. Bununla yanaşı, bəzi məntəqələrdə texniki problemlərin yarandığı bildirilib. Hüquq-mühafizə orqanları bir neçə onlarla pozuntu barədə məlumat versələr də, onların seçkilərin nəticələrinə təsir göstərə bilməyəcəyini qeyd ediblər.
Müxalifət nümayəndələri isə seçki prosesində müxtəlif qanun pozuntularının baş verdiyini iddia edərək, bəzi qərargah əməkdaşlarının saxlanılması, “karusel” səsverməsi və bülletenlərlə bağlı pozuntuların qeydə alındığını bildiriblər.
Qeyd edək ki, seçkilərdə ümumilikdə 18 partiya və blok mübarizə aparıb. Onların arasında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası, iş adamı Samvel Karapetyanın Güclü Ermənistan bloku, sabiq prezident Robert Koçaryanın Ermənistan bloku, Qagik Tsarukyanın Rifah Ermənistan Partiyası və sabiq ombudsman Arman Tatoyanın Birlik Qanadları Partiyası da yer alır.
Mövcud qanunvericiliyə əsasən, partiyaların parlamentə düşməsi üçün 4 faiz, seçki bloklarının isə tərkibindən asılı olaraq 8-10 faiz səs toplaması tələb olunur.







