Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə bəyanatla çıxış edib.
EDnews Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baş nazir ölkəsinin Avrasiya İqtisadi Birliyindəki (AİB) statusu, Rusiya ilə ticarət əlaqələri və Avropa İttifaqına (Aİ) inteqrasiya məsələlərinə toxunub.
"Məhdudiyyətlər adi iş prosesidir"
Ermənistanın AİB-dən məhrum edilə bilməyəcəyini vurğulayan N.Paşinyan qurumda bütün qərarların konsensus yolu ilə qəbul olunduğunu xatırladıb. O, müəyyən qrup Ermənistan mallarının Rusiyaya tədarükünə qoyulan məhdudiyyətləri "adi məsələlər" adlandırıb:
"Ali Avrasiya İqtisadi Şurasının hər iclasında fitosanitar rejim, ixrac, təkrar ixrac və malların mənşəyi ilə bağlı onlarla məsələ müzakirə olunur. Bu cür problemlər ittifaq daxilində vaxtaşırı ortaya çıxır. Lakin Ermənistana gəldikdə, bu məsələlər indi müəyyən qüvvələrin iştirakı ilə daha fəal şəkildə qabardılır".
"AİB tərəfdaşlarına tənqid"
Baş nazir hesab edir ki, taktiki baxımdan AİB tərəfdaşları "bir az səhv hərəkət edirlər".
Onun sözlərinə görə, müttəfiqlərin bəyanatları Ermənistanda İttifaq haqqında müsbət təsəvvür yaratmaq əvəzinə, əksinə, "bu təsəvvürü azaltmağa" xidmət edir.
"Aİ-yə üzvlük və referendum məsələsi"
Ermənistanın Avropa İttifaqına mümkün daxil olması ilə bağlı referendum məsələsinə də toxunan hökumət başçısı bunun yalnız konkret detallar ortada olduqda baş tutacağını bildirib.
Paşinyan AİB və Aİ məsələsi ilə bağlı son qərarın birbaşa Ermənistan vətəndaşlarına aid olacağını vurğulasa da, İrəvanın hazırkı mərhələdə Avropa İttifaqına tamüzvlüyə hazır olmadığını da etiraf edib.








