Ermənistandakı seçkilər regionda diqqətlə izlənilir. Tanınmış politoloq və siyasi şərhçi Eldar Namazov EDnews-a eksklüziv açıqlamasında seçkilərin həm Ermənistanın daxili siyasi gələcəyinə, həm də regiondakı sülh prosesinə ciddi təsir göstərə biləcəyini bildirib.
Politoloqun sözlərinə görə, seçki prosesi xüsusilə Baş nazir Nikol Paşinyan üçün çətin və gərgin şəraitdə keçir:
“Bu seçkilər kifayət qədər ağır keçir və xüsusilə Paşinyan üçün asan deyil. Azərbaycan Ermənistan hakimiyyətini dəfələrlə xəbərdar etmişdi ki, sülh prosesini uzatmaq və danışıqları sabotaj etmək ciddi nəticələrə gətirib çıxara bilər”.
Eldar Namazov xatırladıb ki, Azərbaycan Prezidenti də bir neçə il əvvəl verdiyi müsahibələrdə Ermənistanın sülh danışıqlarında gözləmə mövqeyi tutduğunu və bunun region üçün vaxt itkisinə səbəb olduğunu vurğulamışdı.
Onun fikrincə, rəsmi İrəvan təxminən iki il ərzində sülh prosesini ləngitdi və yalnız bundan sonra danışıqların aktiv mərhələsinə qayıtmağa məcbur oldu:
“Ermənistan rəhbərliyi müəyyən beynəlxalq siyasi dəyişiklikləri gözləyirdi. Türkiyədə seçkilərin nəticələrinə, ABŞ-də hakimiyyət uğrunda mübarizəyə ümid bəsləyirdilər. Lakin bu gözləntilər özünü doğrultmadı və nəticədə vaxt itirildi”.
Politoloq qeyd edib ki, bu günə qədər Ermənistanla Azərbaycan arasında yekun sülh sazişi imzalanmayıb, sərhədlərin açılması prosesi tamamlanmayıb və Türkiyə-Ermənistan münasibətlərində də tam normallaşma baş verməyib.
Namazov hesab edir ki, yaranmış vəziyyətdə Ermənistan üzərində Rusiyanın təsir imkanları yenidən artıb:
“Ermənistan iqtisadiyyatının və bir sıra strateji sahələrinin Rusiyadan asılılığı davam edir. Moskva da bu asılılıqdan istifadə etməyə çalışır və ölkədəki siyasi proseslərə təsir göstərmək üçün müxtəlif vasitələrdən yararlanır”.
Müxalifətin seçkilərdəki şanslarına toxunan politoloq bildirib ki, ayrı-ayrılıqda müxalifət partiyalarının hakimiyyətə gəlməsi çətin görünür. Lakin onların birləşəcəyi təqdirdə vəziyyət dəyişə bilər:
“Müxalifət düşərgəsində üç əsas siyasi qüvvə var. Əgər onlar parlamentdə mandatlarını birləşdirə bilsələr, Paşinyanın mövqelərini ciddi şəkildə zəiflədə və onu müxalifətə göndərə bilərlər”.
Siyasi şərhçinin qənaətincə, hazırkı seçkilər təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də Ermənistanın gələcək geosiyasi kursunu müəyyənləşdirəcək:
“Ermənistan cəmiyyəti artıq anlayır ki, ölkə tarixi seçim qarşısındadır. Ya Rusiya asılılığında qalacaq, ya da Qərbə inteqrasiyanı, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını seçəcək. Bu səbəbdən seçkilər sıradan siyasi yarış deyil, Ermənistanın gələcəyini müəyyən edəcək geosiyasi seçim olacaq”.
Politoloq hesab edir ki, məhz bu amil seçki kampaniyasını əvvəlki illərlə müqayisədə daha gərgin və prinsipial edir.
Sonda politoloq qeyd edib ki, seçkilərin nəticələri Ermənistanın gələcək siyasi kursu baxımından həlledici olacaq. O bildirib ki, hakim partiyanın parlamentdə üstünlüyünü qoruya bilməməsi və müxalif qüvvələrin, xüsusilə də Koçaryanla birləşməsi Paşinyan hakimiyyəti üçün ciddi risk yaradır.
“Təəssüf ki, bu gün mövcud reallıq onu göstərir ki, Koçaryan düşərgəsinin mövqeləri güclənir və onun seçilərək hakimiyyətə qayıtmaq təhlükəsi əvvəlki dövrlərlə müqayisədə daha yüksək görünür. Əgər müxalifət qüvvələri parlamentdə mandatlarını birləşdirə bilsələr, Paşinyanı müxalifətə göndərə bilərlər. Bu isə Ermənistanın daxili və xarici siyasətində yeni mərhələnin başlanğıcı ola bilər”, – deyə Eldar Namazov vurğulayıb.


.jpg)





