Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda İrəvana növbəti mesaj ünvanlayıb.
EDnews xəbər verir ki, Overçuk bu barədə Rusiyanın “Vesti” telekanalına müsahibəsində danışıb. Rusiya rəsmisi bildirib ki, Moskva uzun illərdir Ermənistan rəhbərliyinə Avropa İttifaqının xarakterinin dəyişdiyini çatdırır. Bu barədə məlumatı Rusiya mediası da yayıb.
Onun sözlərinə görə, bu xəbərdarlıqlar indiyədək əsasən qapalı formatda aparılıb və Moskva məsələni ictimai müzakirəyə çıxarmaq istəməyib.
“Deyirdik ki, Avropa İttifaqı artıq əvvəlki iqtisadi inteqrasiya birliyi deyil. Bu gün o, faktiki olaraq hərbi-siyasi ittifaqa çevrilib və ölkəmizə qarşı düşmən münasibətini açıq şəkildə nümayiş etdirir”, — deyə Overçuk qeyd edib.
Rusiya baş nazirinin müavini vurğulayıb ki, Moskva bu məsələni Ermənistanlı həmkarlarının, dostlarının və müttəfiqlərinin diqqətinə əvvəllər də çatdırıb və hazırda da çatdırmaqda davam edir. Onun sözlərinə görə, məqsəd İrəvanın atdığı addımların mümkün nəticələri barədə ciddi düşünməsidir.
Qeyd edək ki, Moskva son dövrlər Ermənistanın Aİ ilə yaxınlaşmasına narahatlıqla yanaşır. Rusiya rəsmiləri daha əvvəl də İrəvanın Avropa İttifaqına inteqrasiya kursunun Avrasiya İqtisadi İttifaqı ilə uyğunluğu barədə suallar qaldırıblar. Overçuk "TASS"-a müsahibəsində də Aİ-nin “hərbi-siyasi ittifaqa çevrildiyini” və bunun Ermənistanın Aİ-yə inteqrasiya istəyi fonunda narahatlıq doğurduğunu bildirmişdi.
Bundan əvvəl Moskvanın İrəvanı Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə çağırdığı, həmçinin qaz və neft məhsullarının tədarükü ilə bağlı mövcud razılaşmalara yenidən baxıla biləcəyi barədə xəbərdarlıqlar səsləndirdiyi bildirilirdi.


.jpg)




