Bakı Media Mərkəzinin istehsalı olan “Sükut İçində Addımlar” filmi beynəlxalq uğura imza atıb. Film 66-cı Krakov Film Festivalında “Ən yaxşı təsvir rejissoru” mükafatına layiq görülüb.
Bu barədə Krakovda olan filmin ssenari müəllifi Fariz Əhmədov EDnews-a məlumat verib.
Onun sözlərinə görə, dünyanın ən nüfuzlu kino platformalarından biri hesab olunan festivalda filmin belə bir mükafat qazanması həm ekran əsərinin yaradıcı heyəti, həm də Qarabağda fəaliyyət göstərən qadın minaaxtaranların həyat hekayəsinin beynəlxalq auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
ANAMA-nın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaratdığı Qadın Minaaxtaranlar Komandasına həsr olunan film Qarabağda mina təhlükəsi ilə üz-üzə çalışan qadınların taleyindən, onların səssiz qəhrəmanlığından bəhs edir.
Polşa Kino Operatorları Assosiasiyasının ən yaxşı operator işi mükafatı, mPupil.pl tətbiqinin yaradıcısı olan "Info Center" tərəfindən filmin quruluşçu operatoru Mateuş Çuxnovskiyə təqdim olunub.
Münsiflər heyəti qərarını belə əsaslandırıb:
“Bu kadrlar qışqırmır, üstünlük təşkil etmir, əksinə, qəhrəman qadınları diqqətlə izləyir. Onlar bizi elə bir dünyaya aparır ki, burada mina sahəsinin mənzərəsi həyatın metaforasına çevrilir".
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru isə Mateuş Çuxnovskidir.
Festival həm “Oskar” mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya xarakteri daşıyır.
Festivalda filmin prodüseri Orman Əliyev, icraçı prodüserləri Nəzrin Qaracayeva və Cəmilə Qəhrəmanova, rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Mateuş Çuxnovski iştirak ediblər.
“Sükut İçində Addımlar” filminin qazandığı bu beynəlxalq uğur həm Azərbaycan sənədli kinosunun, həm də Qarabağ reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisə kimi dəyərləndirilir.









