"İndidən kimin sədr seçiləcəyini deyə bilmirəm, hələ bu, dəqiq deyil. Nə olacaqsa, olacaq".
Xalq artisti Qurban İsmayılov bunu Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) keçirilən sədr seçkiləri zamanı EDnews-a açıqlamasında deyib.
O hesab edir ki, AKİ-nin yeni sədri nüfuzlu biri olmalıdır:
"Sədr mənim üçün nüfuzlu biri olmalıdır. Çünki müəyyən işlər var ki, dövlət idarələri ilə əlaqəlidir. Həmin nüfuzlu adam öz nüfuzundan istifadə edib bu məsələləri həll edə bilər. Mən belə düşünürəm. Ətrafında isə, bəli, gənclər olsun, müasir idarəçilik olsun. Onlar sədrə ideya verərlər, sədr də onu həyata keçirər. Ola bilər ki, sədrin hansısa məsələdə ideyası olmasın, əsas işləyən ətrafındakı insanlardır. Mənim düşüncəm budur. Mən qurultaydan real iş gözləyirəm. Yəni, konkret nəticələr gözləyirəm. Bəli, görülən işlər var. Açığı, bu illər ərzində onların nə etdikləri ilə çox dərindən maraqlanmamışam. İstəyirəm ki, bundan sonra daha artıq və daha real işlər görülsün".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçilir. Qurultay “Landmark Hotel”də keçirilir.
Aytac Kərimova | EDnews







