2026-cı il Kann Film Festivalı yekunlaşıb və builki qaliblər bağlanış mərasimində elan olunub.
EDnews xəbər verir ki, mayın 23-də keçirilən bağlanış mərasimində 2026-cı il Kann Film Festivalının qalibləri açıqlanıb.
İki həftə davam edən festival dünya kinosunun ən çox müzakirə olunan premyeraları və məşhur simaların iştirakı ilə diqqət çəkib.
Qırmızı xalçada Demi Mur, Keyt Blanşett, Maykl Fassbender, İzabel Yupper, Barbara Palvin, Bella Hədid, Xavier Bardem və Karla Bruni kimi tanınmış şəxslər görüntüləniblər.
Festivalın ən nüfuzlu mükafatı hesab olunan “Qızıl Palma Budağı” rumıniyalı rejissor Kristian Mungiunun “Fyord” filminə təqdim edilib. Bununla da ABŞ-nin NEON şirkəti ardıcıl yeddinci dəfə festivalın əsas qalib filmi ilə yadda qalıb.
“Qran-pri” mükafatına isə rusiyalı rejissor Andrey Zvyagintsev “Minotavr” filmi ilə layiq görülüb.
Bu il festivalda bir neçə kateqoriyada qaliblər mükafatı bölüşüblər. “Ən yaxşı kişi rolu” nominasiyasında Emmanuel Maççia və Valentin Kampan, “Ən yaxşı qadın rolu” kateqoriyasında isə Virginie Efira və Tao Okamoto qalib elan olunublar.
“Ən yaxşı rejissor” nominasiyasında Pavel Pavlikowski “Vətən”, Javier Calvo və Javier Ambrossi isə “Qara Kürə” filmi ilə mükafat qazanıblar.
Festival çərçivəsində məşhur aktyor Con Travolta kino sənətinə verdiyi töhfələrə görə fəxri “Qızıl Palma Budağı” ilə təltif olunub.
Gənc aktyorlara təqdim edilən “Trophée Chopard” mükafatı isə Odessa A'zion və Connor Swindellsə verilib.


























