Azərbaycan Kinematoqrafçılar İttifaqına keçirilən (AKİ) yeni sədr seçkilərinin taleyini Ədliyyə Nazirliyi həll edəcək.
AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov bunu EDnews-a açıqlamasında deyib.
Onun sözlərinə görə, İttifaqın üzvlərinə müəyyən təzyiqlər olub, bəziləri qurultaya gəlməyib, bəziləri isə gələ bilməyib. Ona görə də sənədlər Ədliyyə Nazirliyinə təqdim olunandan sonra qərar verəcəklər.
"Təəssüf edirəm ki, həmkarlarına təzyiq edən insanların davranışı təşkilatımızı çətin vəziyyətdə qoydu. Mənim üçün əsas məsələ kimin seçilməsi deyil. Mənim üçün vacib olan odur ki, nümayəndələrin əksəriyyəti öz seçimini etsin. Hətta mən demişdim ki, mənim namizədim Həmidə Ömərovadır. Yəni, gəlib seçkidə iştirak etmək lazım idi və onların qələbə şansı da çox yüksək idi. Meydana çıxmamaqları təşkilatı çox çətin vəziyyətdə qoydu. Bu həm sənədləşmə, həm maliyyələşmə və digər məsələlərlə bağlıdır. Ona görə bizi gərgin iş gözləyir. Bu səsvermə bir fikir nümayişi idi. Biz hüquqşünaslarla məsləhətləşəcəyik və məsələnin necə həll olunacağına baxacağıq. Bu, həm Ədliyyə Nazirliyindən, həm də iştirak etməyən insanların mövqeyindən asılıdır. Biz onlara müraciət edəcəyik, materialları təqdim edəcəyik və bütün məsələlərə baxacağıq", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədr seçkisi keçirilib.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Aytac Kərimova | EDnews







