Kür çayında suyun səviyyəsinin artması İmişli rayonunda fəsadlara səbəb olub.
EDnews xəbər verir ki, Kür çayında suyun səviyyəsinin yüksəlməsi İmişli rayonunun bir sıra kəndlərində torpaq sahələrinin su altında qalmasına gətirib çıxarıb.
Məlumata görə, rayonun Ağamalılar kəndində 40 hektar, Telişli kəndində isə təxminən 35 hektar əkin sahəsi su altında qalıb.
Bundan əlavə, Əlyetməzli kəndində əvvəl 35 hektar olan su basmış ərazi genişlənərək 215 hektara çatıb. Həmçinin 10 hektar bələdiyyə torpağı da suların təsirinə məruz qalıb.
Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi və bələdiyyəyə aid 11 hektar əkin sahəsi də su altında qalan ərazilər sırasındadır.
Hazırda aidiyyəti qurumlar tərəfindən vəziyyətin nəzarətdə saxlanılması və əlavə risklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.






