Avropa Mərkəzi Bankı (AMB) 2023-cü ilin sentyabr ayından bəri ilk dəfə əsas faiz dərəcəsini artırıb.
EDnews xəbər verir ki, Bankın İdarə Heyətinin qərarına əsasən, əsas faiz dərəcəsi 0,25 faiz bəndi yüksəldilərək 2,25 faizə çatdırılıb. Qərar bazar iştirakçılarının və analitiklərin gözləntilərinə uyğun olub.
AMB faiz artımını Avrozonada inflyasiya təzyiqlərinin güclənməsi ilə əsaslandırıb. Bildirilib ki, Körfəz regionunda davam edən hərbi qarşıdurmaların təsiri ilə neft qiymətlərinin bahalaşması inflyasiya risklərini artırıb.
Avropa İttifaqının Statistika Xidməti (Avrostat) tərəfindən açıqlanan ilkin məlumatlara görə, may ayında Avrozonada illik inflyasiya 3,2 faiz təşkil edib. Bu göstərici AMB-nin müəyyən etdiyi 2 faizlik hədəfdən yüksək olaraq qalır.
Bununla yanaşı, Avropa Mərkəzi Bankı iqtisadi artımla bağlı proqnozlarını aşağı salıb. Yenilənmiş qiymətləndirməyə əsasən, Avrozonada iqtisadi artımın 2026-cı ildə 0,8 faiz səviyyəsində olacağı gözlənilir. Mart ayında açıqlanan proqnozda isə bu göstərici 0,9 faiz olaraq göstərilmişdi.
Qərar biznes dairələri və həmkarlar ittifaqları tərəfindən tənqidlə qarşılanıb. Onlar faiz dərəcələrinin artırılmasının iqtisadi aktivliyə əlavə mənfi təsir göstərə və şirkətlərin maliyyələşmə imkanlarını məhdudlaşdıra biləcəyini bildiriblər.




.jpg)


