Qarabağın və Şərqi Zəngəzurun bərpa və rekonstruksiya prosesinə yatırılan investisiyanın hər bir qəpiyinin növbəti 5, 7, 12 ildə dövlət büdcəsinə geri ödənişi təmin ediləcək.
EDnews xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində bildirib.
"Lakin qayıdışın ilk və əsas şərti iqtisadi dayanıqlılıqdır. İqtisadi dayanıqlılıq dedikdə isə qayıdan vətəndaşımızın, – istər kəndli olsun, istər fermer, – iş yerinin və ya iqtisadi fəallığının təmin edilməsi nəzərdə tutulur. Çünki bu, qayıdışın dayanıqlılığını dönməz etməlidir.
Bu məqsədə çatmaq üçün hansı alətlərdən istifadə etdik? İlk növbədə iqtisadi rayonlara daxil olan hər bir rayonumuzun iqtisadi ixtisaslaşmasını ortaya qoymağa çalışdıq: Kəlbəcər üçün bir, Laçın üçün bir, Cəbrayıl üçün başqa, Ağdam üçün isə daha fərqlisini. Bunun nəticəsində, gördüyünüz kimi, iki sənaye parkı yaradıldı. Ağdamda yaradılan sənaye parkı məhz həmin bölgənin sənaye potensialının inkişafbu etdirilməsini əsas tutduğumuzu göstərir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı isə daha çox nəqliyyat, logistika və Zəngəzur dəhlizinin fəaliyyətindən irəli gələn iqtisadi sahələri əhatə etmək, onlara xidmət göstərmək üçün nəzərdə tutulub", - nazir qeyd edib.
Onun sözlərinə görə, Ağdam Sənaye Parkındakı rezidentlərin və artıq fəaliyyət göstərən müəssisələrin sayına görə göstəricilər gözləntilərdən aşağı deyil, əksinə, üstündür.
"Bu gün Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib və onlardan 13 müəssisə hazırda fəaliyyət göstərir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına gəldikdə isə orada 20 rezident və 3 qeyri-rezident var. Biz bunu nə ilə müqayisə edirik? Biz müqayisə edirik ki, ən qocaman və nəhəng parkımız olan Sumqayıt Sənaye Parkından sonra Ağdam Sənaye Parkı rezidentlərin sayına görə artıq ikincidir.
İkinci böyük istiqamət onunla bağlıdır ki, dövlətimiz işğaldan azad olunmuş ərazilərdə infrastruktur təminatını Prezidentin rəhbərliyi ilə ehtiyac yarandıqca deyil, planlı şəkildə "öncədən yol açmaq" prinsipi ilə həyata keçirib. Bu gün oraya səfər edən hər birimiz görürük ki, enerji təchizatı, yol infrastrukturu, həmçinin qayıdan vətəndaşlarımız üçün sosial infrastruktur - bunların hamısı prinsip etibarilə uzunmüddətli sərmayədir və həqiqətən də bu mənada böyük iqtisadi səmərəsi olacaq", - M. Cabbarov bildirib.



.jpg)


