Azərbaycanda sosial şəbəkə provayderləri üçün yeni tələblər müəyyənləşdiriləcək.
EDnews xəbər verir ki, yeni qaydalar əsasən yeniyetmə istifadəçilərin sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması, onların manipulyativ rəqəmsal dizaynlardan və zərərli məzmundan qorunması məqsədi daşıyır.
Tələblərə əsasən, yeniyetmələr üçün asılılıq yaradan “infinite scroll” — sonsuz sürüşdürmə funksiyası, eləcə də videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynların tətbiqi qadağan olunacaq.
Bundan başqa, istifadəçilərin fərdi məlumatları yalnız yaşın təsdiqi məqsədilə istifadə edilə biləcək. Yaş uyğunluğu təsdiq edilmədiyi halda həmin məlumatlar dərhal silinməlidir. Fərdi məlumatların kommersiya, o cümlədən reklam məqsədilə istifadəsi və üçüncü tərəflərə ötürülməsi də qadağan ediləcək.
Yeni tələblərə görə, sosial şəbəkə provayderləri zərərli məzmunu aşkar etdikdən sonra onu maksimum 24 saat ərzində platformadan silməli olacaqlar. Bu prosesin fasiləsiz şəkildə, 24/7 rejimində rəqəmsal həllər vasitəsilə təmin edilməsi nəzərdə tutulur.
Həmçinin valideynlərə uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar təqdim edilməlidir. Bunun üçün platformalarda aktiv nəzarət panelinin yaradılması tələb olunacaq.



.jpg)


