Bugün dünyada davam edən siyasi gərginliklər və müharibə prosesləri qlobal turizm sektoruna ciddi təsir göstərməkdədir. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, geosiyasi sabitsizliklər turizm axınlarında azalmalara, aviadaşımalarda məhdudiyyətlərə və ümumi səyahət xərclərinin artmasına səbəb olur.
Dünya Turizm Şurasının (WTTC) açıqlamalarına əsasən, xüsusilə Yaxın Şərq və Körfəz regionunda yaranan gərginliklər turizm sektorunda gündəlik təxminən 600 milyon ABŞ dollarından çox iqtisadi itkiyə səbəb olur. Bu göstərici qlobal turizmin nə qədər həssas olduğunu və regional münaqişələrin beynəlxalq səyahət bazarına birbaşa təsir etdiyini göstərir.
Körfəz hava məkanındakı məhdudiyyətlər turizmi zəiflədir
Turizm eksperti Rəhman Quliyev EDnews-a müsahibəsində bildirib ki, münaqişələrdən əvvəl Körfəz ölkələri Azərbaycana gələn turist axınının əsas tranzit və birbaşa mənbələrindən biri idi. Lakin hazırkı vəziyyətdə həmin regionda hava məkanlarının və uçuş imkanlarının məhdudlaşması turizm axınında azalmaya səbəb olub.
Ekspertin sözlərinə görə, Körfəz ölkələrinin hava məkanından istifadə edən Asiya istiqamətli reyslərin bir hissəsi hazırda alternativ və daha uzun marşrutlarla həyata keçirilir. Bu isə uçuş müddətini orta hesabla bir neçə saat artırır və nəticədə həm aviabiletlərin, həm də tur paketlərinin qiymətində artım müşahidə olunur.
Nəticə etibarilə, səyahət xərclərinin yüksəlməsi və uçuş müddətinin uzanması bəzi turistlərin səfərlərini təxirə salmasına və ya alternativ istiqamətlər seçməsinə gətirib çıxarır.
Ukrayna–Rusiya müharibəsinin də təsirləri var
Araşdırmalar göstərir ki, Ukrayna–Rusiya müharibəsi də regional turizm axınlarına təsirsiz ötüşməyib. Hər iki ölkədən xaricə səfərlərdə azalma müşahidə olunur ki, bu da əsasən iqtisadi çətinliklər, sosial vəziyyətin pisləşməsi və səyahət imkanlarının məhdudlaşması ilə əlaqələndirilir.
Eyni zamanda, bu ölkələrdən gələn turist axınında azalma Azərbaycan turizm bazarında da müəyyən dəyişikliklərə səbəb olub. Lakin mütəxəssislər hesab edirlər ki, Azərbaycan bu boşluğu alternativ bazarlar hesabına qismən kompensasiya edə bilir.
Alternativ bazarlar turizm axınını saxlayır
Mövcud vəziyyətə baxmayaraq, Azərbaycan turizm sektoru Çin, Hindistan, Pakistan, Türkiyə, Avropa ölkələri və Rusiya kimi bazarlarla əməkdaşlığı davam etdirir. Bu ölkələrdən turist axını davam etsə də, ümumi strukturda dəyişikliklər müşahidə olunur.
Rəsmi və analitik qiymətləndirmələrə görə, Azərbaycanın regionda sabit və təhlükəsiz ölkə kimi tanınması turizm sektoru üçün mühüm üstünlük olaraq qalır. Bu amil ölkənin turizm destinasiyası kimi cəlbediciliyini qoruyur və uzunmüddətli perspektivdə sabit axının formalaşmasına şərait yaradır.
Fidan Abdullayeva | EDnews







