Ukraynada davam edən müharibə fonunda Belarus Prezidenti Aleksandr Lukaşenko Kiyevlə münasibətlər, Belarusun təhlükəsizliyi və mümkün hərbi təhdidlərlə bağlı bir sıra açıqlamalar verib.
O bildirib ki, əgər Ukrayna Rusiyaya hücum edtiyi kimi Belarusa da hücum etməyə başlasa, Minsk buna çox sərt yanaşacaq.
“Biz çox yaxşı başa düşürük ki, əsas həyat təminatı obyektlərimiz – istehsal və logistika mərkəzlərimiz – zərbə altında qala bilər. Onların dediyinə görə, Belarus ərazisində artıq 500 belə hədəf müəyyən ediblər”
Lukaşenko eyni zamanda Zelenskidən üzr istəyib:
“Bəlkə də haradasa həddi aşmışam, amma bu, onun yersiz açıqlamalarına cavab idi: «Bizim 500 hədəfimiz var, Lukaşenkonun harada olduğunu bilirik. Sabah raketlər və pilotsuz uçuş aparatları ilə zərbə endirəcəyik». Mən susurdum. Hətta hamı təəccüblənirdi ki, niyə susuram. Başa düşürdüm ki, insan böyük təzyiq altındadır, gəncdir, təcrübəsizdir, hərbçi deyil. Bəlkə də nəyisə düzgün qiymətləndirə bilmədi. Mən susurdum. Amma mənə hədə-qorxu gəlməyə başlayanda cavab verməyə məcbur oldum.
Əgər Vladimir Aleksandroviç bu sözlərdən incəyibsə, ondan üzr istəyirəm. Bəlkə də bunları deməməli idim, xüsusən də nəzərə alsaq ki, o, müharibə şəraitindədir. Üstəlik, o çox yaxşı anlayır ki, Belarus tərəfindən, xüsusilə də mənim tərəfimdən hansısa hərbi hərəkətlər gözləməyə dəyməz.”
Onun sözləri ekspertlər və siyasi müşahidəçilər arasında geniş müzakirələrə səbəb olub.
Belaruslu siyasi analitik və məsləhətçi, Kostyuşko adına Təhlükəsizlik Araşdırmaları İnstitutunun rəhbəri Vadim Mojeyko EDnews-a müsahibəsində Lukaşenkonun son bəyanatlarını şərh edib və Minskin hazırkı ritorikasının arxasında duran səbəbləri izah edib.
— Aleksandr Lukaşenko niyə məhz indi Volodimir Zelenskidən ictimai şəkildə üzr istəməyə qərar verdi? Bunu Minsklə Kiyev arasında gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirmək olarmı?
— Tammiqyaslı müharibənin ilk günlərindən etibarən Rusiya Belarus ərazisindən öz hərbi məqsədləri üçün istifadə edir. Lukaşenko bir tərəfdən Kremlə sadiqliyini nümayiş etdirərək Rusiyaya ərazi, hava məkanı, logistika imkanları və digər dəstək növləri təqdim edir. Digər tərəfdən isə Belarusun müharibəyə daha dərindən cəlb olunmasından ehtiyat edir.
Lukaşenko anlayır ki, Belarus ordusunun birbaşa döyüş əməliyyatlarında iştirakı həm ölkə, həm də onun hakimiyyəti üçün fəlakətli nəticələrə səbəb ola bilər. Buna görə də o, Moskvanı dəstəkləməklə yanaşı, eskalasiyanın qarşısını almağa çalışır.
Bu baxımdan onun son bəyanatlarını Ukrayna ilə münasibətlərdə gərginliyi azaltmaq və birbaşa hərbi qarşıdurmaya gətirib çıxara biləcək ssenaridən yayınmaq cəhdi kimi qiymətləndirmək olar.
— Lukaşenkonun Belarusun müharibə istəmədiyi və Ukraynaya qarşı hərbi əməliyyatlar planlaşdırmadığı barədə sözlərini onun əvvəlki mövqeyinin dəyişməsi kimi qiymətləndirmək olarmı?
— Hesab etmirəm ki, burada Lukaşenkonun prinsipial mövqe dəyişikliyindən söhbət gedir. Bu daha çox mövcud vəziyyətə və Ukraynanın artan özünəinamına verilən reaksiyadır.
Əslində, Lukaşenko son illər ərzində Belarus ordusunun niyə müharibəyə qoşulmadığını izah edən arqumentləri təkrarlayıb. Məsələ Belarus liderinin şəxsi istəyində və ya istəməməsində deyil, belə bir ssenarinin yaratdığı yüksək risklərdə və onun Belarus üçün doğura biləcəyi nəticələrdədir.
Bu səbəbdən hazırkı açıqlamalar kurs dəyişikliyi anlamına gəlmir. Bu, sadəcə olaraq Minskın hələ də münaqişədə birbaşa iştirakdan yayınmağa çalışdığını göstərir.
— Belarus müharibədə iştirak etmədiyinə əmindirsə, niyə Minsk öz ərazisinə mümkün zərbələr ssenarisini ciddi şəkildə nəzərdən keçirir və yüzlərlə potensial hədəfdən danışır?
— Son dövrlərdə Ukrayna tərəfi açıq şəkildə bəyan edir ki, Belarus ərazisindən həyata keçiriləcək istənilən hücum və ya təxribat cavabsız qalmayacaq. Kiyev həmçinin Ukraynaya qarşı mümkün təcavüzdə istifadə oluna biləcək obyektlərə zərbələr endirməyə hazır olduğunu nümayiş etdirir.
Mənim fikrimcə, Lukaşenkonun Belarus ərazisində çoxsaylı potensial hədəflər barədə danışmasının əsas səbəbi də budur. O anlayır ki, Rusiya hətta öz ərazisini zərbələrdən tam şəkildə qoruya bilmir və buna görə də mümkün eskalasiya halında Belarusun təhlükəsizliyinə zəmanət verə bilməz.
Lukaşenko hesab edir ki, əgər Rusiya yenidən Belarus ərazisindən Ukraynaya hücum üçün istifadə etsə, Kiyev buna Belarus ərazisinə zərbələrlə cavab verəcək. Məhz buna görə Minsk belə bir ssenarinin qarşısını almağa çalışır.
Həmçinin istisna deyil ki, Belarus rəhbərliyi Rusiyanın mümkün planları ilə bağlı müəyyən siqnallar alır və bu planlar yeni eskalasiyaya səbəb ola bilər. Əgər belə siqnallar həqiqətən mövcuddursa, Lukaşenkonun bu cür inkişafın qarşısını almaqda maraqlı olması daha da anlaşılan olur.
Ümumilikdə, Belarus liderinin hazırkı ritorikası onun həm öz hakimiyyəti üçün riskləri minimuma endirmək, həm də Belarusun müharibəyə daha dərindən cəlb olunmasının qarşısını almaq istəyini əks etdirir
Fatima | EDnews







