“Azərbaycan gənclər üçün imkanlar ölkəsidir. Ölkəmizdəki universitetlər, yerli qurumlar və gənclərlə işləyən təşkilatlar bu istiqamətdə yaradılan imkanlar barədə geniş məlumat verə bilərlər”.
EDnews xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Sərhədsiz gənclər: Ortaq regional rifahın təşviqi” adlı panel müzakirəsi zamanı səsləndirib.
Nazir müavini çıxışında Azərbaycanda gənclər üçün geniş imkanların yaradıldığını bildirib.
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən universitetlər, yerli qurumlar və gənclər təşkilatları bu sahədə görülən işlər, mövcud proqramlar və yaradılan şərait barədə ətraflı məlumat təqdim edə bilərlər.
F.Hacıyev qeyd edib ki, Gənclər və İdman Nazirliyi gənclərin inkişafına xidmət edən istənilən layihə və təşəbbüsə açıqdır.
“Gənclər və İdman Nazirliyi olaraq istənilən layihəyə, istənilən təşəbbüsə açığıq”, - deyə nazir müavini vurğulayıb.
O, həmçinin İslam Konfransı Gənclər Forumunun fəaliyyətinə də toxunub.
F.Hacıyev bildirib ki, təşkilat hazırda fəal şəkildə fəaliyyət göstərir və onun fəaliyyəti İslam Əməkdaşlıq Təşkilatının demək olar ki, bütün coğrafiyasını əhatə edir.
Nazir müavini əlavə edib ki, Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının inkişafına, yeni təşəbbüslərin dəstəklənməsinə və gənclərin regional rifaha töhfə verməsinə xüsusi önəm verir.
Aytac Kərimova







