Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu gələcəkdə 8 Noyabr prospekti ilə birləşdiriləcək.
EDnews xəbər verir ki, bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata əsasən, Abşeronun şimal-qərb hissəsini Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinə qədər əlaqələndirilməsi planlaşdırılır.
AYNA-dan bildirilib ki, bu yol gələcəkdə 8 Noyabr prospekti ilə də birləşdiriləcək.
“İnşa ediləcək irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanılacaq. Xüsusilə Binəqədi, 20 Yanvar və Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq. Bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət edəcək. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq”, - deyə agentlikdən bildirilib.







