AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
EDnews xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, iyunun 10-da Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib. Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı kompleks tədbirlər nəticəsində bir sıra şəxslərin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.
Cinayət işi çərçivəsində Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.
Eldar Əmirov Cinayət Məcəlləsinin 32.5 və 278.1-ci, Ramiz Mehdiyev isə 193-1.3.2, 274 və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilib. Məhkəmə tərəfindən onlar barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.







