NATO-nun parlament sammiti iyunun 28-29-da İstanbulda keçiriləcək.
EDnews xəbər verir ki, bu barədə RİA Novosti diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Sammitin 28-29 iyun tarixlərində İstanbulda keçirilməsi planlaşdırılır”, - deyə mənbə bildirib.
Məlumata görə, tədbirdə alyansa üzv ölkələrin parlament nümayəndələrinin iştirakı gözlənilir. Onlar Avroatlantik təhlükəsizliklə bağlı aktual məsələləri və qarşıdakı yüksək səviyyəli görüşlərə hazırlıq prosesini müzakirə edəcəklər.
Qeyd edək ki, NATO liderlərinin sammitinin isə iyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılır.
Bundan əvvəl “Politico” qəzeti yazmışdı ki, NATO alyansın şərq cinahını, o cümlədən Rumıniyanı dron təhlükəsindən qorumaq üçün pilotsuz uçuş aparatları almağı nəzərdən keçirir.
Məlumata əsasən, NATO müttəfiqləri dronların sürətləndirilmiş satınalma proqramı ilə bağlı təklifi müzakirə ediblər. Üç diplomatın sözlərinə görə, 32 NATO ölkəsinin səfirləri qapalı iclasda alyansın şərq cinahı üzərində hava patrulunu gücləndirmək üçün daha çox pilotsuz uçuş aparatının alınmasının zəruriliyini müzakirə ediblər.
Xüsusilə NATO-nun Rumıniyada mövcudluğunu artırmasının planlaşdırıldığı bildirilir. Bununla belə, alyans ölkələrinin dronları nə vaxt alacağı hələlik məlum deyil.







