“Sülhün Kökləri” təşkilatının təsisçisi və Dünya Ərzaq Mükafatı laureatı Heidi Kühn ABŞ-nin Sausalito şəhərində Lüksemburqun Baş Konsulu və Lüksemburq Ticarət və İnvestisiya Ofisinin icraçı direktoru Joseph Senninger ilə görüş keçirib.
EDnews-un məlumatına görə, görüşdə “Mines to Vines” (“Minalardan Üzümlüklərə”) təşəbbüsü çərçivəsində kənd təsərrüfatının sülh quruculuğunda rolu, ərzaq təhlükəsizliyi və torpaqlardan dayanıqlı istifadə məsələləri geniş müzakirə olunub.
The Spinnaker restoranında baş tutan görüş zamanı tərəflər Sakit okean regionu və Asiyada sülhə xidmət edən transmilli tərəfdaşlıqların perspektivlərini dəyərləndiriblər.
Müzakirələrdə xüsusilə münaqişədən zərər görmüş ərazilərin kənd təsərrüfatı vasitəsilə bərpası, icmaların iqtisadi dayanıqlığının gücləndirilməsi və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması məsələləri ön plana çıxıb.
Heidi Kühn bildirib ki, hazırda dünyanın 70-dən çox ölkəsində 110 milyondan artıq mina insan həyatı və torpaq istifadəsi üçün ciddi təhlükə olaraq qalır. Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədi müharibədən zərər çəkmiş əraziləri yenidən məhsuldar torpaqlara çevirmək, ərzaq təhlükəsizliyinə töhfə vermək və gələcək nəsillər üçün daha təhlükəsiz mühit yaratmaqdır.
Görüşdə həmçinin qeyd olunub ki, 2050-ci ilə qədər dünya əhalisinin 10 milyarda çatacağı gözlənilir. Bu baxımdan kənd təsərrüfatına yararlı torpaqların bərpası strateji əhəmiyyət kəsb edir.
Tərəflər vurğulayıblar ki, müharibələrin fəsadlarının aradan qaldırılması və minalardan təmizlənmiş ərazilərin yenidən iqtisadi dövriyyəyə qaytarılması qlobal inkişaf üçün mühüm amillərdəndir.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə "Sülhün Kökləri" təşkilatı uzun illərdir mina təhlükəsi ilə mübarizə, humanitar təşəbbüslər və postmünaqişə ərazilərinin bərpası istiqamətində əməkdaşlıq edir.






