"Azərbaycan ədəbiyyatı heç vaxt Ermənistan cəmiyyətinə yad olmayıb".
Xalq yazıçısı Çingiz Abdullayev bunu EDnews-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan xalqı hər zaman Azərbaycan ədəbiyyatını oxuyub:
"Hələ müharibə şəraitində olduğumuz dövrdə belə, ermənilər məşhur Ermitaj muzeyində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yubileyini qeyd ediblər. Azərbaycan ədəbiyyatı olduqca zəngindir və bu zəngin irs region xalqları tərəfindən yaxşı tanınır. Bizim çox zəngin ədəbiyyatımız var. Onlar Nizamini, Füzulini, Nəsimini çox yaxşı tanıyırlar”.
Yazıçı bildirib ki, onun əsərləri də Ermənistanda oxunur və bu barədə müxtəlif ölkələrdən olan dostlarından dəfələrlə məlumat alıb.
“Rusiyadan, Ukraynadan olan dostlarım mənə zəng edib Ermənistanda mənim kitablarımın oxunduğunu deyiblər. Bundan başqa, mən şəxsən Ermənistandan məktublar alıram. Oxucular kitablarımı bəyəndiklərini yazırlar”.
O, eyni zamanda qeyd edib ki, Azərbaycan oxucuları erməni ədəbiyyatına eyni dərəcədə maraq göstərmirlər.
“Düzdür, biz onları oxumuruq. Görünür, onların bizim qədər güclü yazıçıları yoxdur”, — deyə yazıçı fikrini sonlandırıb.
Aysel Hacıyeva | EDnews


.png)




