Ukraynanın xarici işlər naziri Andrey Sibıqa G7 sammiti çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
EDnews xəbər verir ki, bu barədə "RBK"-Ukrayna Ukrayna XİN rəhbərinin açıqlamasına istinadən məlumat yayıb.
Sibıqanın sözlərinə görə, o, Rubionu ABŞ və İran arasında sazişin imzalanması münasibətilə təbrik edib və bu razılaşmanın regiona, eləcə də enerji bazarlarına sabitlik gətirəcəyinə ümid etdiyini bildirib.
“Prezident Zelenskinin gözləntisini bir daha ifadə etdim ki, bu saziş ABŞ-ın rəhbərliyi ilə Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasına yönəlmiş sülh səylərinin bərpası üçün imkan yaradır”, - deyə Sibıqa qeyd edib.
Ukrayna XİN rəhbəri bildirib ki, görüşdə sülh prosesinin irəlilədilməsi yolları da müzakirə olunub.
“Mən Putini nəhayət danışıqlar masasına gətirmək üçün zəruri olan addımlarla bağlı Ukraynanın mövqeyini bölüşdüm”, - nazir bildirib.
Sibıqa həmçinin Rubioya Rusiyanın Kiyev-Peçersk Lavrasına, eləcə də digər mülki, mədəni və tarixi obyektlərə endirdiyi zərbələr barədə məlumat verib.
“Bu hücumlar göstərir ki, Moskva inanca, irsə və Ukrayna kimliyinə qarşı müharibə aparır”, - deyə ukraynalı diplomat vurğulayıb.
Bundan əlavə, nazir ABŞ dövlət katibinə Ukrayna hərbçilərinin cəbhədəki son uğurları və Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsinin vacibliyi barədə danışıb.
“Biz güc yolu ilə sülhə doğru artan impuls görürük və ABŞ-ın qətiyyətli liderliyinə, eləcə də prosesdə fəal iştirakına güvənirik”, - Sibıqa əlavə edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, saziş Hörmüz boğazının açılmasını, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən dəniz blokadasının aradan qaldırılmasını, həmçinin Tehranın nüvə silahı hazırlamaq və əldə etməkdən imtinasını nəzərdə tutur.







